Türkiyənin Egey dənizi sahilləri, xüsusilə Bodrumun turizm mərkəzləri son günlər Rusiyanın ən varlı simalarının və Kremlin yüksək eşalonuna yaxın şəxslərin lüks gəmilərinin dayanacağına çevrilib. Bölgədəki müşahidələr təsdiqləyir ki, Rusiya biznes və siyasi elitasına məxsus bir sıra superyaxtalar eyni vaxtda bu ərazidə toplaşıb.
KONKRET.az xəbər verir ki, diqqəti ən çox çəkən “Victoria” gəmisidir. 71 metr uzunluğunda olan və Soçidən birbaşa Bozbük istiqamətinə üzən bu nəhəng yaxta, hazırda “Six Senses Kaplankaya” kompleksinin yaxınlığında lövbər salıb. İddialara görə, bu yaxta rəsmi olaraq Gennadi Timçenkonun nəzarətindəki strukturlara bağlı olsa da, əslində Kreml çevrəsindəki digər yüksək vəzifəli şəxslər tərəfindən istifadə edilir.
Türkiyə sularında təkcə bu yaxta deyil, Rusiyanın bir çox məşhur milyarderinin dəbdəbəli nəqliyyat vasitələri də lövbər salıb. Bodrum ərazisində görüntülənənlər arasında Roman Abramoviçin “Rhea”, Andrey Kostinlə (VTB) əlaqələndirilən “Serenity & Unity”, Vahid Ələkbərovun (“Lukoyl”) “Genesis”, Oleq Deripaskanın “Altair”, Aleksandr Nesisin “Romea” və İskəndər Mahmudovun “Predator” yaxtaları yer alır.
Müşahidəçilər, Rusiyaya qarşı beynəlxalq sanksiyaların tətbiq olunduğu və siyasi gərginliyin yüksək olduğu bir dövrdə, bu qədər “ağırçəkili” oliqarxın öz yaxtalarını məhz Türkiyə sahillərinə toplamasını təsadüf hesab etmir və bunu strateji bir yerləşmə kimi qiymətləndirirlər.
Natiq Səlim,
KONKRET.az
