Qazaxıstan yanvar hadisələrinin təkrarlanmasının mümkünlüyünü etiraf edib.
KONKRET.az xəbər verir ki, bu barədə Daxili işlər naziri Marat Axmetjanov parlamentin iclasında bildirib. O, Qazaxıstanda yanvar hadisələrinin təkrarlanacağını istisna etmir.
Nazir bildirib ki, yanvarın əvvəlində kütləvi iğtişaşlar törədən cinayətkarların əlində oğurlanmış silahların bir hissəsi hələ də qalır.
“İndi cinayətkarların əllərində yüzlərlə silah var ki, bütün respublikada polis onları axtarır. Bu, 300-ə yaxın xidməti silahdır, o cümlədən atıcı silahlar, tapançalar, pulemyotlar. Onların əksəriyyəti cənub rayonlarında cəmlənib”, – deyə daxili işlər naziri bildirib.
Axmetjanov qeyd edib ki, hücum edənlər silahları başqa bölgələrə apara bilərdilər, ona görə də axtarışlar Qazaxıstanın hər yerində və ölkə hüdudlarından kənarda aparılır.
“Yanvar hadisələri… silah varsa, o zaman atəş açıla bilər. Hər zaman təhlükə var. Son silah lüləsini tapana qədər işləyəcəyik”, – Qazaxıstan Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.
O, həmçinin Daxili İşlər Nazirliyinin qazaxıstanlılardan dəyəri 78 milyon tengedən çox olan 1000-dən çox dövlət qeydiyyatı olmayan silah-sursat aldığını bildirib.
Jurnalistlərin niyə hüquq-mühafizə orqanlarının yanvar hadisələri ilə bağlı aparılmış araşdırmanın nəticələrini hələ də açıqlamaması ilə bağlı sualına DİN rəisi qeyd edib ki, idarə yalnız oğurluq və talan faktlarını araşdırır. Nazirin sözlərinə görə, bu işlərin 80%-i artıq açılıb. Yanvar hadisələri ilə bağlı qətllər, terror aktları və digər iri cinayət işlərinə xüsusi prokurorlar baxır.
Xatırladaq ki, referendum zamanı prezident Qasım-Jomart Tokayev əminliklə bəyan etmişdi ki, Qazaxıstanda faciəli yanvar hadisələri təkrarlanmayacaq.
Xuraman Etibarlı,
KONKRET.az
