Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) “Qiymətləndirmə” jurnalının ilk sayı ictimaiyyətə təqdim olunub.
KONKRET.az xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, qiymətləndiricilər, media və ictimai sektorun təmsilçiləri iştirak ediblər.
AQC İdarə Heyətinin sədri Vüqar Oruc çıxış edərək Azərbaycanda qiymətləndirmə sahəsinin keçdiyi inkişaf yolundan və qarşıda duran əsas məsələlərdən danışıb. O bildirib ki, qiymətləndirmə yalnız ayrı-ayrı əmlakların dəyərinin müəyyənləşdirilməsi ilə məhdudlaşan fəaliyyət deyil, iqtisadi münasibətlərin müxtəlif sahələrində mühüm rol oynayan peşəkar istiqamətdir.
AQC sədri qiymətləndirmə sektorunda peşəkar yanaşmanın möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sahədə görülən işlərin nəticələri həm dövlət, həm biznes, həm də vətəndaşlar üçün birbaşa əhəmiyyət daşıyır. O, “Qiymətləndirmə” jurnalının təsis edilməsini də sektorun inkişafı ilə bağlı görülən işlərin bir hissəsi kimi təqdim edib. O bildirib ki, yeni jurnal qiymətləndirmə sahəsində baş verən proseslərin, mütəxəssis fikirlərinin və sektora dair aktual məsələlərin ictimaiyyətə çatdırılması üçün geniş imkan yaradacaq.
Daha sonra “Qiymətləndirmə” jurnalının baş redaktoru İbrahim Quliyev çıxış edib. O, jurnalın ilk sayının hazırlanması barədə məlumat verərək nəşrin əsas istiqamətlərini diqqətə çatdırıb və bildirib ki, jurnalın səhifələrində qiymətləndirmə bazarının gündəmi, qanunvericilik, beynəlxalq təcrübə, müxtəlif qiymətləndirmə istiqamətləri, ekspert yazıları və sektorda çalışan mütəxəssislərin mövqeləri yer alacaq. Baş redaktorun sözlərinə görə, jurnalın əsas məqsədlərindən biri qiymətləndirmə sahəsində çalışan mütəxəssislərin, dövlət qurumlarının, biznes nümayəndələrinin və digər maraqlı tərəflərin bir-birindən xəbərdar olduğu peşəkar informasiya mühiti yaratmaqdır.
Tədbirin növbəti hissəsində Milli Qiymətləndirmə Standartları təqdim olunub. AQC sədrinin müşaviri Asif İbrahimov standartların hazırlanması və tətbiqi barədə ətraflı məlumat verib.
Asif İbrahimov bildirib ki, Milli Qiymətləndirmə Standartlarının hazırlanmasında qiymətləndirmə fəaliyyətinə vahid yanaşmanın formalaşdırılması əsas məqsədlərdən biri olub. Onun sözlərinə görə, standartlar qiymətləndiricinin qarşısında duran tələbləri daha aydın müəyyənləşdirir və qiymətləndirmə prosesinin müxtəlif mərhələlərində əsas götürüləcək prinsipləri sistemləşdirir.
Milli Məclisin deputatı Məşhur Məmmədov qiymətləndirmə fəaliyyətinin ölkə iqtisadiyyatı və əmlak bazarının inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, qiymətləndirmə institutunun iqtisadi münasibətlərdə şəffaflığın və obyektivliyin təmin olunmasında mühüm rol oynadığını qeyd edib.
Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, elmi jurnalın işıq üzü görməsinin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, qiymətləndirmə sahəsinin artıq qanunvericiliklə tənzimlənməsi bu istiqamətdə inkişafın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Deputatlar Rövşən Muradov və Əlibala Məhərrəmzadə çıxışlarında bildiriblər ki, ölkəmizdə qiymətləndirmə sahəsi artıq iqtisadi ekosistemin mühüm tərkib hissəsinə çevrilməkdədir.
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri, AQC Elmi-Metodoloji Şurasının üzvü, professor Rəsmiyyə Sabir çıxış edərək jurnalın elm ictimaiyyəti üçün mühüm töhfə olacağını qeyd edib.
Mərkəzi Bankın baş direktoru Fuad İsayev, ARPA-nın İdarə Heyətinin sədri Günay Şahbazova, SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Loğman Abdullayev, AQC sədrinin müşaviri, tanınmış ictimai xadim İradə Şükürova çıxışlarında AQC-ni jurnalın ilk sayı münasibətilə təbrik ediblər.
Tədbirdə KOBİA, Auditorlar Palatası, ASA, Torpaqşünaslar Cəmiyyəti, AZSTAND-ın nümayəndələri iştirak ediblər.\\AzəTac

