backend

Ramil Məmmədli: "Serj Sarkisyan yenə aprel döyüşlərindən danışaraq özünü rüsvay etdi"

“Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan özünün hakimiyyət taxtını laxladan “Aprel döyüşləri” haqqında 4 il sonra söylədikləri real faktlara zidd olmaqla yanaşı, öz xalqına yönələn növbəti yalanından danışıb”.

Ramil Məmmədli, hərbi şərhçi

Hərbi şərhçi Ramil Məmmədli bildirib ki, əli Xocalıdakı günahsız azərbaycanlıların qanına batmış Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın “Açıq danışaq: Serj Sarkisyan aprel müharibəsi haqqında” adlı müsahibəsində dediklərinin yalan olduğunu bilmək üçün həmin günlərdəki erməni və dünya mediasını yenidən izləmək bəs edər:

“Təkcə 2016-cı ilin aprel ayının əvvəllərində erməni general Arkadiy Ter-Tadevosyanın aprel döyüşləri haqqında söylədikləri Sarkisyanın indiki nağıllarına cavabdır. Peşəkar hərbçi olan bu erməni general aprel döyüşlərində Azərbaycan Ordusunun öz istəyinə çatdığını və döyüşdə üstünlük qazandığını açıq şəkildə efirdə söyləyib. Bu fikri digər erməni hərbçilər də davam etdiriblər. Əgər belə olmasaydı, 2016-cı ilin aprel döyüşlərindən dərhal sonra Ermənistanın o zamankı müdafiə naziri Seyran Ohanyan və bu hərbi qurumun bütün rəhbərliyi mərhələli şəkildə xidmətdən uzaqlaşdırılmazdılar. Həmçinin İrəvan küçələrində övladları hərbi xidmətdə olan erməni valideynlər Ermənistanın Prezident Administrasiyasının binası qarşısında günlərlə etiraz aksiyaları keçirməzdilər”.

R.Məmmədlinin sözlərinə görə, Sarkisyanın bu müsahibədə guya 2016-cı ilin aprelindəki döyüşlərdə qələbə qazandıqlarına dair fikirləri ölmüş siyasətçinin dirilmək cəhdləridir.

Hərbi-siyasi icmalçı bildirib ki, 2016-cı il uzaq tarix deyil və həmin dövrdə baş verən faktları Serj Sarkisyanın təhrif etməsi siyasi əxlaqsızlıqdır:

“Məlum olduğu kimi, 2016-cı ilin aprelin 2-də cəbhənin bir neçə istiqamətində döyüş olub. Bu döyüşdə Azərbaycan Ordusu strateji cəhətdən vacib mövqeləri geri alıb. Ermənistan Ordusunun mövqeləri yenidən ələ keçirmək üçün hücumları da dəf edilib və ermənilər çoxlu itki verərək geri çəkiliblər. Bununla bağlı video-görüntülər, fotolar və digər inkarolunmaz sənədlər var. İndi Sarkisyan deyir ki, guya döyüşdə ölən erməni hərbçilərinin sayı 75, Azərbaycan Ordusunun itkilərinin sayı isə dəfələrlə çoxdur. Nəinki biz, hətta bu regionda maraqları olan dövlətlərin aidiyyatı qurumları da bilir ki, Sarkisyanın dedikləri yalandır”.

R.Məmmədlinin sözlərinə görə, döyüşlər bitdikdən sonra – növbəti gün ermənilərin 33 tank, 15 artilleriya qurğusu və 322 nəfər canlı qüvvə itirdiyinə dair xəbər yayılmışdı. Sonradan isə məlum oldu ki, bu azaldılmış rəqəmlər imiş. Ölənlərin sayı 560 olub. Artıq bəllidir ki, Sarkisyan Azərbaycan tərəfinin itkilərini şişirtməklə özünü Ermənistana qəhrəman kimi təqdim etməyə çalışır. Bununla da ölmüş nüfuzunu bərpa edərək, yenidən siyasi arenaya çıxmaq istəyir.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*