Repetitorluq fəaliyyətinin qaranlıq məqamları: “Məsələ ilə bağlı ciddi addımlar atılmalıdır”backend

Repetitorluq fəaliyyətinin qaranlıq məqamları: "Məsələ ilə bağlı ciddi addımlar atılmalıdır"

Zaman-zaman cəmiyyətdə ən çox müzakirə edilən, buna baxmayaraq, həllini tapmayan məsələlərdən biri də müəllimlərin repetitorluq fəaliyyəti ilə bağlıdır. Məlumdur ki, repetitorluq təhsil müəssisələrinin nüfuzuna xələl gətirməklə yanaşı, həm də məktəbdə davamiyyətə, müəllim-şagird-valideyn münasibətlərinə, o cümlədən, ailələrin büdcəsinə ciddi təsir göstərir.

Üstəlik, repetitor müəllimlərin bəzən sinfə 40-a yaxın şagird yığması, dərs saatlarında da tədris aparması, hazırlıq qiymətlərini istədiyi vaxt istədiyi məbləğdə qaldırması halları təhsil sahəsində problemlərin daha dərin qatlarda kök atmasına səbəb olur.

KONKRET.az ekspertlərlə məsələnin səbəbləri və həlli istiqamətlərini araşdırıb.

Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, repetitor fəaliyyətinin bu şəkildə geniş vüsət alması, ilk növbədə, ali təhsil müəssisələrinə qəbul imtahanları şərtlərinin bir qədər çətin və fənn saylarının çox olmasından qaynaqlanır: “Yəni minimal fənn sayı tətbiq etməklə ali təhsil müəssisələrinə qəbul həyata keçirilərsə, o zaman repetitorluq da bu formada geniş vüsət almaz. Məsələn, abituriyentlər 2 və 3-cü qruplarda 6-7 fənn üzrə imtahan verirlər. Əlbəttə, bu qədər fəndən imtahan verilməsi abituriyentlərin müvafiq olaraq həm pərakəndə vəziyyətdə olmalarına gətirib çıxarır, həm onların vaxt itkisi ilə nəticələnir, həm də ailələrinin maliyyə cəhətdən həddindən artıq yüklənməsinə səbəb olur. Çünki proqram ağır olduğu üçün şagird məcburdur ki, 6-7 fənnin hər birindən hazırlaşsın. Belə olan təqdirdə də şagirdlər ümumtəhsil məktəblərində verilən təhsilin keyfiyyətindən qane olmadıqları üçün valideynlər repetitorlara müraciət etmək məcburiyyətində qalırlar. Nəticədə də bu acınacaqlı durum formalaşır”.

“Bəs niyə orta məktəblərdə dərslər keyfiyyətli keçilmir və ya onun əsasında qəbul nəticəsi daha yüksək olmur?” sualına gəlincə, ekspert  hesab edir ki, burada başlıca səbəblərdən biri də məktəblərdə sıxlığın olmasıdır: “Bu gün Azərbaycanda 4440-dan çox tam və orta ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və 1 milyon 600 min nəfərdən çox şagird var. Hətta elə ərazilər var ki, orada sıxlıq daha çoxdur. Təsəvvür edin ki, bir auditoriyada 45-50 şagird, bəzilərində 28, 30, 35 şagird oturur. Halbuki bir auditoriyada minimal 20-22 şagird olması daha məqsədəuyğundur. Bunun da qarşısını almaq üçün təbii ki, məktəb tikintisi daha geniş vüsət almalıdır. Yəni ölkədə təxminən 5500-ə yaxın məktəb fəaliyyət göstərməlidir. Daha sıx ərazilərdə məktəb tikintiləri həyata keçirilməlidir ki, bu problemin qarşısı alınsın, eyni zamanda, məktəblərdə təhsilin keyfiyyət göstəriciləri artsın”.

Əfəndi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən məktəb tikintilərindən də söz açıb: “Artıq dövlət başçısı tərəfindən müvafiq olaraq bir çox məktəblərin tikintisi ilə bağlı müəyyən tapşırılqlar verilib və yeni məktəblər açılıb. Nümunə olaraq, Füzuli, Zəngilan rayonunun Ağalı kəndi və Şuşa şəhərindəki məktəbləri göstərə bilərik. Yəni bir neçə məktəb artıq istifadəyə verilib. Təbii ki, əhalinin həmin iqtisadi rayonlara köçürülmə prosesi intensivləşdikcə, şəhərdə sıxlığın da azalmasını müşahidə edəcəyik və buna müvafiq olaraq da siniflərdə şagird sıxlığı da azalmış olacaq. Bununla yanaşı, məktəblərin əhalinin daha sıx olduğu ərazilərdə tikintisi məqsədəuyğundur ki, şagirdlər orta ümumi təhsil müəssisələrində və ya ümumtəhsil müəssisələrində keyfiyyətli təhsil ala bilsinlər. Əks halda, repetitorluq daha  geniş vüsət alacaq”.

Ekspert təəssüflə bildirib ki, bu gün repetitorlara nəzarət olmadığına görə onlar hazırlıq qiymətlərini də istədikləri kimi təyin edirlər.

“Yaxud da auditoriyaya fərdi hazırlıq adı altında onlarca şagird toplayırlar. Əslində fərdi hazırlıqda müəllim tək şagirdlə məşğul olmalıdır. Amma buna demək olar ki, əməl olunmur, bu da keyfiyyətə əks təsir edir.

Ona görə də hesab edirəm ki, bütün bunların qarşısını almaq məqsədilə ilk növbədə Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahan formatı dəyişilməlidir. Fənlərin sayı minimallaşdırılmalı, 2-3 fəndən imtahan götürülməlidir. Əgər 5-ci ixtisas qrupuna qəbul 3 fənn əsasında aparılırsa, yaxud da 9 və 11 illik bazadan kolleclərə qəbulu 3 fənn əsasında həyata keçirmək mümkündürsə, ali təhsil müəssisələrində də eyni prinsipi tətbiq etmək olar. Yəni ən əsas fənləri saxlamaqla qəbul həyata keçirmək mümkündür. Belə olan halda, repetitorlara üz tutan abituriyentlərin də sayı azalacaq”, – deyə müsahibimiz əlavə edib.

Espert repetitorluğun geniş yayılmasında bəzi məktəb müəllimlərinin “rolu”ndan da bəhs edib. Qeyd edib ki, bəzi müəllimlər dərs dediyi şagirdin qiymətini aşağı salmağa çalışır, yəni bir növ şagirdlə prinsip aparır ki, əlavə hazırlıq üçün ona üz tutsun: “Belə olan təqdirdə, təbii ki, valideyn – müəllim münasibətlərində ziddiyyət yaranır, eyni zamanda, şagird – valideyn münasibətləri də zərər görə bilir. Çünki təsəvvür edin ki, hər hansı şagird ona dərs deyən müəllimin yanına hazırlığa getmir, valideyn onu fərqli istiqamətə yönəldir və bu zaman şagirdin qiyməti aşağı olanda bunda valideyni suçlayır. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi (ETN) bu məsələni diqqətə almalı və bu istiqamətdə əməli addımlar atılmalıdır ki, belə acınacaqlı durumla rastlaşmayaq”.

İqtisadçı-ekspert Xalid Kərimli isə bildirib ki, bu məsələ çox adamı narahat edən mövzudur: “Amma mahiyyət etibarilə mülki müqavilədir. Yəni istənilən vətəndaşın nə övladını repetitorun yanına qoymaq, nə də həmin repetitoru seçmək məcburiyyəti var. Bu, könüllü tranzaksiyadır.

Digər məsələ isə ondan ibarətdir ki, ETN şagirdin yaxşı təhsil almaq hüququnu təmin etmədiyinə görə valideyn əlavə xərcə düşür. Yəni bu struktur öz işini yaxşı görsəydi, repetitora da ehtiyac qalmazdı. Elm və təhsil naziri Emin Əmrullayevin bu məsələ ilə bağlı maraqlı bir fikri də var. Deyirdi ki, “mən uşaq olanda da repetitor var idi”. Amma bu, əsas deyil təbii ki. Hətta ölkə prezidenti Füzulidə şəhər günündə çıxışında da bildirdi ki, ən çox vəsait təhsilə, daha sonra orduya qoyulur. Yəni dövlət təhsilə daha çox pul ayırırsa, təhsil də keyfiyyətli olmalıdır və vətəndaşın xərclərini artırmamalıdır”.

Həmsöhbətimiz hesab edir ki, məktəblərdə təhsilin keyfiyyətsiz aparılması vətəndaşı əlavə xərclərlə üzləşdirir, vətəndaş bir növ buna vadar edilir: “Dediyim kimi, repetitorluq könüllü olsa da, sadaladığımız məsələlərdən görünür ki, valideyn buna məcbur edilir. Ona görə də mən problemi repetitorluqda yox, orta ümumi təhsilin keyfiyyətsiz təşkilində görürəm”.

Mərahim Nəsib,

KONKRET.az

 

  • Hərbi pensiyaçı
    Oktyabr 21, 2023 - 17:03

    İşləyən müəllimlərə repetitorluq qadağan edilməlidir. Onlar hökümətdən maaş valideynlərdən qonorar alırlar. Müəllimlərin əksər hissəsi məktəblərdə dərs keçmirlər. Onlar əmindirlər ki, imkanlı valideyinlər onsuzda uşaqlarını onlara pul ödəməklə oxutduracaqlar.

  • Yanoş Məhərrəmov
    Oktyabr 22, 2023 - 23:24

    Azərbaycanda necə deyərlər bəyənmədiyiniz Sovet təhsil sisteminə onun yaxşı cəhətlərini götürməklə qayıtmaq lazımdır. Bu zaman təhsilin keyfiyyətinin müsbət nəticəsi görünəcəkdir.

Yanoş Məhərrəmov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*