Rusiya Federal Təhlükəsizlik Xidməti Moldovanın qərbyönlü hökumətini devirməyə çalışır. Bu işdə əsas rolu ölkəni tərk etmiş iş adamı və siyasətçi İlan Şor oynayır.
KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Ukrayna kəşfiyyatına istinadən xəbər verir.
Bildirilir ki, FTX Moskvayönlü Moldova siyasətçilərinin şəbəkəsini maliyyələşdirmək üçün onların hesabına on milyonlarla dollar pul köçürüb. Məqsəd ölkəni yenidən Moskvaya yönəltməkdir.
Kremldən maliyyələşən siyasətçilərdən biri İlan Şordur. Tanınmış moldovalı iş adamı bank, mağazalar şəbəkəsi, Kişinyovda hava limanı və digər mühüm əmlakların sahibi olub. 2015-ci ildə o, Moldovanın Orxey şəhərinin meri vəzifəsini tutub, lakin iki ildən sonra Moldovanın bank sistemindən 1 milyard dollar oğurlamaqda təqsirli bilinib. 2019-cu ildə İsrailə gedib və oradan 2021-ci ildə parlament seçkilərində 3-cü yeri tutan partiyasına rəhbərlik etməyə davam edib.
Şorun özü nə vaxtsa Moskvadan, o cümlədən xüsusi xidmət orqanlarından dəstək aldığını inkar etsə də, həmçinin partiyasının yalnız Moldova vətəndaşlarının mənafeyini müdafiə edən müstəqil birlik olduğunu iddia etsə də, ələ keçirilən mesajlar partiyanın fəaliyyətini əksini təsdiqləyir. Onun ruslar tərəfindən idarə olunduğunu ortaya qoyur.
Ukrayna kəşfiyyatının əldə etdiyi sənədlərə görə, Kremldən muzdlu siyasi texnoloqlar 2021-ci ilin martında Şorun partiyası ilə gizli işləmək üçün Rusiyadan Kişinyova gəliblər. FTX-nin planlarına görə, Şorun “konkret fəaliyyət” partiyası, “sözün əsl mənasında populist”, “insanların həyatını yaxşılığa doğru dəyişən” partiya kimi mövqe tutmalı idi.
Ötən ay minlərlə insan Kişinyovda qərbyönlü prezident Maia Sandunun istefasını tələb edərək etiraz aksiyası keçirib. Aksiyanın arxasında Şorun siyasi qüvvəsi dayanıb. Moldova nümayişlərin qeyri-qanuni maliyyələşdirilməsi iddiası ilə bağlı Şorun partiyasının üzvləri də daxil olmaqla 24 nəfəri saxlayıb. Partiya üzvləri bildirib ki, həbslər hökumət əleyhinə nümayişlərin qarşısını almaq üçün hakimiyyət tərəfindən təzyiqdir.
Baş verənlərin əksini sübüt etmək üçün, oktyabrın 26-da ABŞ Maliyyə Nazirliyi Şor da daxil olmaqla bir sıra Rusiya və Moldova təşkilatlarına və şəxslərə qarşı sanksiyalar tətbiq edib. Bildirilib ki, Şor Moldovada siyasi iğtişaşlar yaratmaq üçün digər oliqarxların nümayəndələri ilə əməkdaşlıq edib və Rusiyanın dəstəyini alıb. Həmçinin bildirilir ki, iyun ayında Şor Moldovanın Aİ-yə üzvlük üçün ərizə verməsinin qarşısını almaq üçün Moskvada yerləşən strukturlarla əlaqə yaradıb.
Günel Mikayılova,
KONKRET.az
