Niderland ictimaiyyəti Rusiyanın Haaqadakı səfirliyinin yerləşdiyi küçəyə həbsxanada dünyasını dəyişmiş müxalifət lideri Aleksey Navalnın adının verilməsini tələb edir.
KONKRET.az “Dojd” telekanalına istinadən xəbər verir ki, Niderland sakini Lissa Holmann bu məqsədilə petisiyaya başlayıb. Qısa müddətdə 85 min imza toplayan petisiya şəhər meriyasına təqdim olunub.
Gənc xanım bu qərara səfirliyin önündə gəldiyini açıqlayıb:
“Onun vəfat etdiyi gün idi. Gecə səfirliyin önünə güllər gətirdim, əlimdə şamlar vardı. Bilirdim ki, həmin anlarda Moskvadakı insanlara bunu etməyə icazə verilmir. Alekseyin sənədli filmdə söylədiyi “xeyirxah insanlar heç nə etməyəndə şər qalib gəlir” sözləri yadıma düşdü. Bu sözlər beynimə oturdu…”.
Xatirə SADİQ,
KONKRET.az
