“Rusiya sülhməramlılarının tənqidi absurddur”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan jurnalistlərə müsahibəsində deyib.
“Alternativin olmadığı halda Rusiya ilə birliyin tənqidi absurd görünür.
Mən özüm də bəzi Rusiya rəsmilərinin bəyanatlarından razı deyiləm. Bu kontekstdə hər iki tərəfi sakitləşdirməyə çağırışları qəbuledilməzdir.
Lakin digər tərəfdən, Rusiya Müdafiə Nazirliyinin martın 5-də Qarabağda törədilən təxribatla bağlı məqsədyönlü bəyanatı olub. Fransa Xarici İşlər Nazirliyinin də ünvanlı bəyanatı var.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi baş verənlərə aydın qiymət verməyə borclu idi. Amma nə dedi? O, bunu “qanlı hadisə” adlandırıb. Bu nə deməkdir? Biz Rusiya sülhməramlılarını tənqid edirik. Bəs öz sülhməramlılarını göndərməyə hazır olan ölkə varmı? Yoxdursa, bu boş söhbət nəyə lazımdır?
Sülhməramlılar olmadan, xüsusən Ermənistanı təhlükəsizliyin təminatçısı hesab etmədiyi bir şəraitdə Qarabağ Azərbaycanla qarşıdurmaya hazırdırmı?
Heç bir müttəfiqlik münasibətləri birtərəfli yardım nəzərdə tutmur. Hətta sadə insan dostluğu da qarşılıqlı bağlılıq tələb edir.
Rusiya bizim müttəfiqimiz olub və olaraq qalır. Bəs siz bizim tərəfimizdən müttəfiqlik münasibətini görmüsünüzmü?
Bura gələnlər nə təklif edirlər? Burada baza yaratmaq üçün NATO ilə razılaşma varmı? Yoxsa Avropa ölkələrindən biri Qarabağda kontingent yerləşdirmək niyyətindədir?
Mən hesab edirəm ki, Rusiya ən yaxşı müttəfiqdir və bunun alternativi yoxdur”, – deyə Sarkisyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az