Hazırda böyük ajiotajla müşahidə edilsə də Rusiyada səfərbərlik çağırışları davam edir. Məqsəd isə 300 minə yaxın insanı orduya cəlb etmək və Ukraynadakı döyüşlərə yola salmaqdır. Amma insanların orduya yazılmaqdan imtina etməsi və ölkədən qaçmağa çalışması Rusiya hökumətinin 300 min insanı yığa bilməyəcəyinə dair şübhələr yaradır. Hətta bəzi ekspertlər Kremlin bu qədər insanı orduya cəlb edə bilməyəcəyini vurğulayırlar.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımovun sözlərinə görə, Putinin Rusiya cəmiyyətinə aşılamağa çalışdığı “xüsusi hərbi əməliyyat” termini iflasa uğradı: “Bu onu göstərdi ki, Rusiya Ukraynada nəzərdə tutduğu hədəflərə çata bilməyib. Əslində Moskva və Kiyev arasında baş verənlər genişmiqyaslı müharibədir. Səfərbərlik məsələsinə gəlincə isə Rusiyanın insan resursları kifayət qədərdir. Əhalisinin sayı təxminən 140 milyondur. Ona görə də, səfərbərlik nəticəsində 300 min insanı toplamaq Kreml üçün böyük problem deyil. Amma bu gün Rusiya cəmiyyətində ciddi şok və ajiotaj yaşanır. Məhz bu çağırışa düşə biləcək insanların bir qismi ölkədən qaçmaq istəyir. Qonşu ölkələrə satılan təyyarə biletlərinin qiymətləri fantastik həddə çatıb. Hesab edirəm ki, zorakılıq yolu ilə olsa da Rusiya 300 min insanı səfərbər edə biləcək. Amma bu qədər insanı yedirtmək, onları maddi cəhətdən təmin etmək, silah-sursat vermək, hərbi təlimlər keçmək və döyüşə hazırlamaq Rusiya üçün problem yaradacaq”.

Politoloq əlavə edib ki, indiyə qədər Ukraynada Rusiya ordusunun ən elit qüvvələri döyüşüb: “Onlar “Pskov” və “Ryazan” Hərbi Desant Qüvvələri idi. Hansı ki, bu ordu növü Rusiyanın əsas qüvvəsi sayılırdı. Həmçinin “Taman” diviziyası və Qvardiyanın elit qüvvələri də müharibəyə cəlb olunmuşdu. Onlar Ukraynada faktiki olaraq döyüş qabiliyyətini itirdilər və faktiki olaraq uğursuzluğa düçar oldular. Bu qoşun növlərinin əhəmiyyətli hissəsi Ukrayna ərazisində məhv edildi. Bundan sonra səfərbərlik nəticəsində əməliyyatlara cəlb olunacaq qüvvələrin döyüş qabiliyyəti ciddi sual altındadır. Əsas məsələ də məhz budur”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
