Rusiyanın Nijni Novqorod şəhərində tanınmış iş adamı dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, İvanovo şəhərində yaşamış və uzun illər diaspor quruculuğunda fəal iştirak etmiş Sərraf Məmmədov Nijni Novqorod şəhərində xəstəxanada keçirdiyi əməliyyatdan sonra qəflətən dünyasını dəyişib.
Xatırladaq ki, o, uzun illər İvanovo vilayətinin deputatı olub.
Qeyd edək ki, Sərraf Məmmədov 1965-ci il fevralın 10-da Füzuli rayonunun Mandı kəndində dünyaya göz açıb. Yaroslavl vilayətində hərbi xidmət edib. İvanovo İnşaat Mühəndisliyi İnstitutunu bitirib.
Dördüncü və beşinci çağırışlarda İvanovo Şəhər Sovetinin deputatı seçilib və 2015-ci ilin sentyabrında 10 saylı seçki dairəsinin seçiciləri yenidən Sərraf Məmmədova etimad göstəriblər.
Həm deputat, həm də ictimai xadim kimi S.Məmmədovun fəaliyyəti şəhər, vilayət və ictimai təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Özünün sülhməramlı və xeyriyyəçilik fəaliyyətinə, gənc istedadlara və idmançılara göstərdiyi qayğıya görə, o, “Zvezda Mesenata” ordeninə və bir sıra fəxri fərmanlara layiq görülüb. Həmyerlimizə həm də Rusiya Sülh Fondunun qızıl medalı verilib.
2006-ci ilin mart ayında Sərraf Məmmədov Rusiya və Azərbaycan xalqlarının mehriban qonşuluq siyasətinə verdiyi töhfəyə görə Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!
