Rusiyada 18 yaşına çatmayan uşaqların 26%-i minimal yaşayış həddindən aşağı səviyyədə dolanan ailələrdə yaşayırlar.
Musavat.com xəbər verir ki, bu barədə “RBK” agentliyi Rusiya Federal Statistika Xidmətinin “Kasıblığın sosial-iqtisadi indikatorları” adlı araşdırmasına istinadən məlumat yayıb.
Özü də uşaqlar arasında kasıblıq səviyyəsi bütün ölkədəki göstəricilərdən də qat-qat yuxarıdır. 2017-ci ildə Rusiyada kasıblıq həddində 19,4 milyon (əhalinin 13,9%-i), 2018-ci ildə isə 18,9 milyon (12,9%) insanın yaşadığı bildirilir.
Ən acınacaqlı rəqəmlər kənd yerlərində qeydə alınıb. Burada uşaqların 45%-nin az gəlirli ailələrdə yaşadığı ortaya çıxıb.
Yoxsulluğun ən yüksək dərəcəsi çoxuşaqlı ailələrdə görünməkdədir – 52,2%.
Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti akademiyasının Sosial analiz və proqnozlaşdırma institutunun direktoru Tatyana Maleyevaya görə, uşaq kasıblığı gələcəkdə “səfalət tələsi” deyilən bir situaisyanı doğurur. Yəni defisit içində yaşayan uşaqlar gələcəkdə layiq olduqları təhsili almaqdan məhrum qalır və beləlilə əmək bazarında autsayderlərə çevrilirlər.
Bunu dövlət özü də etiraf edir. Hələ bu ilin əvvəlində Baş nazirin müavini Tatyana Qolikova yeniyetmə yaşlarına çatmayan valideynlərin 51%-nin yoxsulluq içində olduğunu bildirmişdi.
