Rusiyada məhdudiyyətlər səbəbindən bir sıra aeroportlarda təyyarələr yalnız bir reys üçün zəruri olan yanacaqla doldurula bilər.
KONKRET.az xəbər verir ki, bu barədə “Verstka” nəşri yazıb.
Mənbə qeyd edir ki, məhdudiyyətlər hələ iyun ayında tətbiq olunmağa başlayıb, yeni dalğa isə sentyabr ayına təsadüf edib.
Məsələn, Sankt-Peterburqun Pulkovo aeroportunda sentyabrın 2-dən 2027-ci il martın 16-dək yanacaqdoldurmaya yalnız uçuş planında nəzərdə tutulduğu həcmdə icazə verilir. Oxşar məhdudiyyətlər Kalininqradın Xrabrovo aeroportunda da qüvvədədir.
Üstəlik, problem təkcə Rusiya daşıyıcılarına təsir etmir. 26 aeroportdan 15-də məhdudiyyətlər məhz xarici aviaşirkətlərə şamil edilir – onlara əsasən yalnız bir uçuş üçün yanacaq götürməyə icazə verilir.
Belə məhdudiyyətlər, xüsusilə Yekaterinburq, Çelyabinsk, Tümen, Kazan, Saratov, Ufa, Abakan, Vladivostok, Xabarovsk, Yakutsk və digər şəhərlərin aeroportlarında qüvvədədir. Orenburq, İrkutsk, Novokuznetsk, Soçi, Volqoqrad və Həştərxanda isə onlar bütün aviaşirkətlərə şamil olunur.
Ölkənin cənubunda fəaliyyət göstərən altı aeroportdan üçündə – Soçi, Volqoqrad və Həştərxanda həm Rusiya, həm də xarici daşıyıcılar üçün məhdudiyyətlər qüvvədədir. Krasnodarda isə onlar xarici aviaşirkətlərə aiddir.
Bununla belə, “Verstka” vacib bir nüansa diqqət çəkir: bildirişin qüvvədə olma müddəti bitdikdə, o, sistemdən yoxa çıxır. Buna görə də bütün bu cür məhdudiyyətləri tam şəkildə izləmək mümkün deyil.
Rəsmiyyə Şərifova,
KONKRET.az

