Ötən gecə Rusiyanın 7 bölgəsi Ukraynanın 25 pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
KONKRET.az xarici mediaya istunadən xəbər verir ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Kursk vilayətində 11, Belqorod vilayətində 7, Moskva və Orlov vilayətlərində 2, Leninqrad, Bryansk və Tula vilayətlərinin hər birində 1 pilotsuz uçuş aparatını zərərsizləşdirə bilib.
Yerli hakimiyyət nümayəndələrinin məlumatına görə, Nijni Novqorod vilayətində Kstovo sənaye zonasında yanacaq-energetika kompleksi hücumun hədəfi olub, neft emalı zavodlarından birində yanğın baş verib. Orlovda yanacaq-energetika kompleksində yaranmış yanğın söndürülüb, yaxınlıqdakı iki binadan 17 nəfər təxliyə olunub. Belqorod vilayətində elektrik xətləri sıradan çıxarılıb, yeddi yaşayış məntəqəsi işıqsız qalıb, iki evin şüşələri sındırılıb.
Moskva vilayətinin Ramenski şəhərində Moskvaya doğru hərəkət edən dron məhv edilib.
“İlkin məlumatlara görə, dağıntı və tələfat olmayıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işləyir”, – deyə Moskva şəhər mer Sergey Sobyanin bildirib.
Leninqrad və Bryansk vilayətlərində zərərçəkənlərin və dağıntıların olmadığı vurğulanıb.
Xatirə SADİQ,
KONKRET.az
