Hazırda Avropa İttifaqı (Aİ) və Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı öz konsepsiyalarını irəli sürür.
KONKRET.az xəbər verir ki, məlumatlı diplomatik mənbələrdən “Kommersant”a bildiriblər ki, danışıqlar prosesində sülh yolu ilə nizamlanmaya iki yanaşma var.
Rusiya sazişi layihəsi Ermənistanla Azərbaycan arasında mövcud olan bütün problemlərin həllini nəzərdə tutur, eyni zamanda Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsi təxirə salınır.
Tanınmamış respublikanın statusunun gələcək müəyyənləşdirilməsi mövzusu İqor Xovayevin münaqişə tərəflərinə təqdim etdiyi sazişin rus variantının 15-ci bəndində öz əksini tapıb. Ermənistan hakimiyyəti rus versiyası ilə razılaşsa da, Azərbaycan bunu rədd edib, çünki Bakı Qarabağ problemini həll olunmuş hesab edir və Azərbaycan status məsələsinə qayıtmaq istəmir.
“Kommersant”ın yazdığına görə, məhz bundan Sonra Moskva müqavilə layihəsini yeniləyib: indi Qarabağın statusu məsələsini sənədin özündə deyil, ona əlavə protokollarda qaldırmaq təklif olunur. İrəvanın və Bakının buna necə reaksiya verəcəyi hələlik məlum deyil.
Sevinc Paşayeva,
KONKRET.az
