backend

"Ruslar bizi qıcıqlandırır" - Tutuquşu ritorikasıyla pozulan ƏDALƏT

Nəzirməmməd Zöhrablı

 

Torpaqlarımızı mənimsəməkdə bilavasitə maraqlı olan ermənilərin natamam, köksüz sevdasına indi ruslar da şərik çıxmağa başlayıblar. Son bir neçə ayda artıq Azərbaycan tərəfi barmaqla sayılmayacaq qədər etiraz notalarını Rusiyanın Xarici İşlər Nazirliyinə verməyə məcbur olub. Səbəbi…səbəbi Qarabağ torpaqlarında bizim tarixlərdən süzülüb gələn yaşayış məskənlərimizin adlarının, digər toponimlərimizin ermənilərin təbirincə yazılıb-vurğulanmasıdır. Zamanla Zori Balayanların, Aqanbekyanların gündəmə gətirdiyi, əsəbləri tarıma çəkən bu boşçoxluqların indi Rusiya rəsmiləri tərəfindən tutuquşu ritorikasıyla təkrarlanmasının adını tapmaqda çətinlik çəkirik. Amma ən azı məcburən cəlb edildiyimiz informasiya savaşında ÇILPAQ ƏDALƏTİMİZİ dünyaya sərgiləməkçün biz də zamanla yazıb-dediklərimizə qayıtmaq zərurətini hiss edirik. Deməli, 44 günlük Zəfərimiz onillərlə buraxılmış boşluqları hələ də doldura bilməyib. Doldura bilsəydi, heç olmazsa hər addımda rusofobiyadan dəm vuran Kanada, Litva kimi ölkələr azərbaycanlıları öz tarixi torpaqlarını qoruduqlarına görə ittiham etməzdilər…

Başlayaq mənası “Böyük bağ” kimi səciyyələnən Qarabağ toponiminin özündən. Keçək vaxtilə “Dağlıq Qarabağ” adlandırılan əraziyə. İndi sülhməramlılara etibar edilmiş, hələlik bizim istifadə etmədiyimiz yolla. Bu ərazini mən yalnız bir dəfə – 1991-ci ildə keçib Şuşaya gedəndə müşahidə etmək imkanı qazanmışdım. Amma daha geniş məlumatları ermənilərin rus birləşmələri ilə birgə planlaşdırıb törətdiyi 26 fevral Xocalı genosidi gecəsi yüzlərlə xocalılının xilaskarı, yalnız səhərə yaxın Qaraqayada qətlə yetirilmiş, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmov barədə “İgid ömrü” sənədli-povestimə materiallar toplayanda əldə etdim.

Ardıcıllığa diqqət edin. Adını eşitdiyiniz Qaraqaya. Təmiz Azərbaycan türcəsindədimi? Tarixi Qaraağacı qəbiristanlığından keçirik Əsgəran ərazisinə, sonra gəlir Ağa körpüsü, Xocalı, Xocalının kənd və digər toponimləri – Mehdikənd, Kətik, 1992-ci ilin ağır döyüşlərindən məşhur olan Bozdağ, Ballı Qaya, Meşəli, Kosalar, Fərrux dağı, Fərrux kəndi, Qayabaşı… Siyahını uzatsaq Xankəndi, Xocavənd, Muğanlı, Qaradağlı…Burda bir erməni toponiminə rast gəlirsinizmi?!..

Eləcə də Nərgiztəpə, Naxçıvanlı kimi adlarda. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti bu ərazilərdə SSRİ zamanında yalnız “Noraguh” adlı yeni bir kənd salıbmış ki, məlum hadisələr başlayana qədər bu kənddə də ermənilərlə azərbaycanlılar birgə yaşayıblar. Buradakı azərbaycanlıların böyük əksəriyyəti isə Laçın rayonundan köç etmiş insanlar olub. Digər yerlər son 30 ilə qədər eləcə öz adları ilə tanınıblar. Adların erməniləşdirilməsinə cəhdlər edilibsə də, onların bu “əməlləri” cavabsız qalmayıb. Belə ki, o zamankı ölkə rəhbərliyinin səsi eşidilməsə də,  zamanla bu toponimlərin erməniləşdirilməsinə etiraz olaraq Azərbaycan ziyalıları ayrı-ayrı səviyyələrdə buna öz etirazlarını bildirmişdilər. Hələ SSRİ daxilində yaşadığımız müddətdə mərhum şairimiz Eldar Baxış kimi ziyalılar Zori Balayana poetik şəkildə tərs sillə ilə cavab vermişdilər:

-O nədir yazmısan Zori Balayan,

Kür-Araz deyirsən, kəkələyirsən.

Kiçik budaqların üstdə oturub

Böyük budaqları silkələyirsən.

yaxud,

-Yazıq Araz çayı nə vaxtdan axı

Erməni dilində danışan olub?

-kimi ifadələrlə öz səslərini ucaltmışdılar. Amma bu iş sistemli şəkildə aparılmadığından, sonradansa yalnız işğal faktoru ilə mübarizə getdiyindən erməni həyasızlığı nəticəsində bir çox toponimlərin dünyada yeni, eybəcər adlarla tanıdılmasına nail olunub. Faktlarsa faktlığında qalır. Lakin bu gün onların “saxta adlarla zəngin saxta xəritələrinə” Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində istinad edilməsi bizdən yenidən ayıq olmağımızı tələb edir. Bizi yalnız döyüşdəki Qələbəmiz arxayınlaşdıra bilməz. Təsəvvür edirsinizmi, sülhməramlıların monitorinqə icazə vermədiyi qızıl yataqları – Qızılbulaq və Dəmirli belə adı üstündə olan Azərbaycan sözləridi. Baxmayaraq ki, ermənilər Qızılbulağı “Drmbon”, Dəmirlinisə “Kaşen” kimi təqdim edirlər. Yeri gəlmişkən, bu yataqları 2020-ci ilə qədər istismar edən Base Metals şirkəti təkcə 2019-cu ildə Qarabağdakı qondarma rejimə 38,5 milyon dollar vergi ödəyib. Separatçı rejimin ixracının 60%-i, ümumi gəlirlərinin 32%-i bu şirkət tərəfindən təmin olunurmuş.

Fikrimizin mabədinə qayıdaraq bildirmək istəyirəm ki, Rusiya yenidən  mətndə bizim Xankəndimizi “Stepanakert”, Xocavəndimizi “Martuni”, Ağdərəmizi “Mardakert”, Gəncəsərimizi “Qandzasar”kimi ifadə edib. Qəsdənmi, bizi qıcıqlandırmaq üçünmü, erməni həyasızlığına, tarixin saxtalaşdırılmasına növbəti dəfə haqq qazandırmaq üçünmü…hər halda özünün imzaladığı üçtərəfli bəyanata – öz imzasına və  rəsmi Bakının dəfələrlə Rusiya tərəfinə “bu informasiyalarda Azərbaycan toponimlərindən istifadə olunsun!”etirazlarına hörmət və məhəl qoymadan…

Xüsusi olaraq KONKRET.az üçün

P.S. Hələ çox işləməliyik. İnformasiya savaşında. Özü də təkcə özümüzün yazıb, özümüzün oxuya bildiyi ana dilimizdə yox, ingilisin də, rusun da, fransızın da, kanadalının da, latışın da, litvalının da dilində…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*