Mixail Saakaşvilinin ailəsi Gürcüstan hakimiyyətinə ultimatumun müddəti başa çatdığını bəyan edib.
KONKRET.az-ın gürcü mediasına istinadla məlumatına görə, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin ailəsi bildirib ki, mayın 2-də saat 18.00-da (Moskva vaxtı ilə 17.00) onun müalicə üçün xarici klinikaya köçürülməsi tələbi ilə ölkə hakimiyyətinə verilən ultimatumun müddəti başa çatıb.
Saakaşvilinin səhhətinin pisləşməsi ilə əlaqədar onun ailəsi yaxın üç gün ərzində həkimlər, katolikos-patriarx II İliya, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirərək, onlara eks-prezidentin səhhətinin vəziyyətini izah edəcək.
Görüşlər başa çatdıqdan sonra ailə bütün ölkə boyu müddətsiz etiraz aksiyaları keçirməyə başlayacaq. Aksiyalar Acarıstanda başlayaraq mərhələlərlə hər bölgədə keçiriləcək.
Saakaşviliyə anoreksiya, orqanizm tərəfindən bir sıra məhsullara qarşı dözümsüzlük və stressdən sonrakı depressiya fonunda əzələ kütləsinin azalması diaqnozu qoyulub.
Qardaşları Georgi və David tərəfdarları ilə birlikdə siyasətçinin müalicə üçün xarici klinikaya köçürülməsini tələb edirlər.
Qardaşı Georgi Saakaşvili bildirib ki, Mixail Saakaşvili bu gün ancaq su içə bilir, yemək yemək bilmir. O, ailənin bu ələsalmalara dözməyəcəyini bildirib.
“Biz hamıdan xahiş edirik: bizim ailəmizin yerində olun, başa düşün, bu, həyati məsələdir. Sağlamlıq vəziyyətinin dinamikasına əsaslanaraq, qarşıdakı günlər həlledici ola bilər”,- qardaşı deyib.
Ədliyyə naziri Rati Breqadze Mixail Saakaşviliyə müvafiq tibbi yardım göstərildiyini bildirib:
“O, həmişə müalicə alıb – Rustavi həbsxanasında, 18 saylı cəzaçəkmə müəssisəsinin xəstəxanasında, Qori hərbi hospitalında və o, müayinə üçün multidissiplinar müəssisəyə köçürülüb. Saakaşviliyə gündə üç dəfə yemək verilir, geniş çeşidli mağaza var, buradan da istənilən məhsulu ala bilər”.
Hakim “Gürcü Arzusu – Demokratik Hərəkat” partiyasının lideri İrakli Kobaxidze Saakaşviliyə zülallı qidalar yeməyə başlamağı təklif edib.
“Onun zülallara ehtiyacı var, amma onları qəbul etmir. Qəbul etsə, hər şey keçib gedəcək. Nə üçün şokolad yeyir, amma kəsmik yemir, mən bunu anlamıram. Qoy yumurta və kəsmik yesin”, – deyə həkim tövsiyə edib.
Saakaşvili təyin olunmuş dərmanları qəbul edir, lakin müalicəsi nəticə vermir.
Aprelin sonunda onu da müayinə edən digər həkim nevroloq Tengiz Çuladze deyib: “Saakaşvili dərman qəbul edir, ona hər şey yazır, amma kömək etmir. Simptomlar davam edir. Yeyə bilmir, ürəyi bulanmağa başlayır, ona görə də arıqlayır”.
Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il sentyabrın sonunda Gürcüstana qayıdıb və iki cinayət işi üzrə vətənində qiyabi həbs cəzasına məhkum edildiyi üçün oktyabrın 1-də həbs edilib. Həbs olunduğuna görə siyasətçi 50 günlük aclıq aksiyasına başlayıb və bu, Gürcüstanın üçüncü prezidentinin səhhətində problemlər yaradıb, sonra daha da ağırlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az
