ABŞ və İran arasında Avropada imzalanması gözlənilən tarixi sülh sazişi ətrafında diplomatik hərəkətlilik ən yüksək həddə çatıb. Prosesdə fəal vasitəçilik missiyasını öz üzərinə götürən rəsmi İslamabad danışıqların yekun mərhələyə qədəm qoyduğunu bəyan edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif tərəflər arasında əldə olunan tarixi irəliləyişlə bağlı mühüm açıqlama verib. Baş nazir sülh prosesini pozmağa çalışan qüvvələrin daxili və xarici manipulyasiyalarına diqqət çəkib: “Pakistanın davam edən fəal vasitəçilik səylərinə baxmayaraq, sülh sazişini uğursuzluğa düçar etmək istəyənlərin apardığı fasiləsiz dezinformasiya kampaniyasından tamamilə agahıq”.
Şərif yayılan şayiələrə və qərəzli xəbərlərə rəğmən, saziş mətninin tam hazır olduğunu rəsmən təsdiqləyib: “Bütün bu süni səs-küyə baxmayaraq, tərəflərlə tam razılaşdırılmış yekun sülh mətninin hazır olduğunu əminliklə ifadə edə bilərik. Pakistan hazırda növbəti addımları müəyyənləşdirmək üçün hər iki tərəflə sıx və intensiv şəkildə işləməyə davam edir”.
Siyasi ekspertlər Pakistan hökumətinin bu rəsmi bəyanatını ABŞ Prezidenti Donald Trampın bu həftəsonu üçün planlaşdırdığı imza mərasimi barədə açıqlamaları ilə üst-üstə düşdüyünü qeyd edirlər. İslamabadın prosesdəki rəsmi rolu regional gərginliyin azaldılmasında mühüm təhlükəsizlik qarantı kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az
