Sosial şəbəkələrdə Şimali Osetiyadan səfərbər olan hərbçinin qəddarlıqla döyülməsinin görüntüləri yayılıb.
KONKRET.az xəbər verir ki, bu gün yayılan videoda hərbçinin diz çökərək üzündəki qanı sildiyi görünür. Ekrandan kənarda iki kişi ondan üzr istəməsini tələb edir.
Döyən şəxslərdən birinin hərbçinin komandiri olduğu deyilir.
Onlar aydın cavab almayanda onu nalayiq ifadələrlə təhqir edir və təpiklə üzünə, bədəninə bir neçə dəfə zərbə vururlar.
Bundan sonra döyülən şəxsdən rəhbərlikdən yeni yataq çantası alması tələb olunur.
“İndi sən komandirinə zəng et, onu inandır və mənə yeni yataq çantası al, başa düşdün? Təzə yataq çantası al”, – deyə hərbçini döyən şəxs ədəbsiz ifadələr işlədir.
Hadisəyə Şimali Osetiya rəhbəri Sergey Menyaylo reaksiya verib. O, bu gün öz teleqram kanalında Şimali Osetiyadan səfərbər edilmiş şəxslərin zorakılığa məruz qalması ilə bağlı şikayət barədə məlumat verib.
“Xerson istiqamətində tapşırıqları yerinə yetirən alaylardan birinin batalyon komandirinin tabeliyində olanlarla rəftarından xəbərdarıq. Hadisənin audio və video yazıları yayılıb. Tamamilə qəbuledilməz haldır. Bu alayda Şimali Osetiyadan səfərbər edilmiş 46 nəfər xidmət edir”.
Hakimiyyət nümayəndələri artıq bu şəxsin kimliyini öyrəniblər.
“Məsələ ilə bağlı Şimal Hərbi Dairəsinin hərbi prokurorluğu və Cənub Hərbi Dairəsinin hərbi prokurorluğu ilə əlaqə saxlanılıb. Hazırda bütün hallar aydınlaşdırılır. Vəziyyəti nəzarətdə saxlayıram”, – deyə Menyaylo bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
