Şərəfəddin Sabunçuoğlu – ilk illüstrasiyalı cərrahiyyə atlasının yaradıcısıbackend

Şərəfəddin Sabunçuoğlu - ilk illüstrasiyalı cərrahiyyə atlasının yaradıcısı

İslam dünyasında türk əsilli bir çox görkəmli həkimləri olub.

KONKRET.az bu həkimlərdən biri ilə oxucuları tanış edir.

Qeyd edək ki, Anadoluda türkcə tibb ədəbiyyatının öyrənilməsi Səlcuqlular tərəfindən başlanıb. Osmanlılar bu torpaqlara gəldikdən sonra elmi təbabət daha çox geniş yayılmağa başladı.

Bu yazıda Anadolunun ən məşhur həkimlərindən biri Şərəfəddin Sabuncuoğlu haqqında danışacağıq.

Şərəfəddin Sabuncuoğlu 1385-ci ildə Osmanlı imperiyasının Amasya şəhərində anadan olub. Gələcək cərrahın babası İlyas Çələbi Osmanlı sultanı I Mehmedin baş həkimi idi. Şərəfəddin isə o dövrün görkəmli həkimi Bürhanəddin Əhməd ən-Naxçıvaninin yanında təhsil almışdı.

Şərəfəddin 14 il doğulduğu şəhərdə həkimlik etdikdən sonra o zaman İsfəndiyar bəyin tabeliyində olan Çandaroğlu bəyliyinin Kastamonu şəhərinə köçmüşdü. Şərəfəddin oradan İstanbula gedərək Fateh Mehmet kimi tanınan II Mehmedə tibbi əsərlərindən biri olan “İmperator Cərrahiyyəsi”ni təqdim etmişdi. Qeyd edək ki, illüstrasiyalarla zəngin olan bu kitab ilk cərrahiyyə atlası kimi tibb elminə daxil oldu. Şərəfəddin ömrünün sonunda məmləkəti Amasiyaya qayıdır.

Şərəfəddinin yalnız üç əsas əsəri günümüzə qədər gəlib çatıb.

Birinci kitab XII əsrdə İran hökmdarının sarayında həkim olmuş Zeynəddin Qorqaninin yazdığı tibb ensiklopediyasının “Farmakologiya” bölməsinin türk dilinə tərcüməsidir. Tərcümə II Bəyazidin istəyi ilə edilmişdi. Şərəfəddin kitabda olanlara daha iki fəsil əlavə etmişdib Bu əlavəyə daha mürəkkəb olan dərmanların hazırlanması üçün reseptlər daxil idi.

Şərəfəddin Sabunçoğlunun ikinci əsəri İstanbulda Fatih Mehmetə özü hədiyyə etdiyi “İmperator Cərrahiyyə” əsəridir. Tibb fakültəsinin tələbələri üçün nəzərdə tutulmuş bu illüstrasiyalı dərslik 150-dən çox mövzunu əhatə etməklə üç hissədən ibarətdir. Kitabda cərrahi əməliyyatları əks etdirən miniatürlər yer alıb.

“İmperator cərrahiyyə” əsəri o dövrdə ədəbiyyatda çox rast gəlinən fars və ya ərəbcə deyil, türkcə yazıldığından indi də türklərin milli sərvəti sayılır. Şərəfəddin özü kitabı türkcə yazmasının səbəbini belə izah edib:

“Bir çox yunan həkimləri də türkcə danışır və az sayda savadlı həkimlər adətən yalnız türkcə oxuya bilirlər. Mən bu kitabı türkcə yazdım ki, hər bir mövzunun mahiyyəti başa düşülsün və tələb olunan cərrahiyyə əməliyyatı dəqiq yerinə yetirilsin.

“İmperator cərrahiyyəsi”nin üç nüsxəsi var ki, onlardan ikisi İstanbulun Millət Kitabxanasında, biri isə Parisdəki Milli Kitabxanadadır.

Şərəfəddinin günümüzə qədər gəlib çatmış üçüncü əsəri müxtəlif xəstəliklərin müalicəsi üçün reseptlər toplayan farmakoloji məlumat kitabı idi.

Osmanlı həkimləri üçün bütün bu vəsaitlər masaüstü kitablar sayılırdı. Şərəfəddin Sabunçuoğlu Anadolu tibb tarixində bu günə qədər görkəmli bir ad olaraq qəbul edilir. Amasiya Universitet Xəstəxanası bu gün onun adını daşıyır. Sabunçuoğlunun doğulduğu ərazi də indi onun adını daşıyır.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*