Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycanda icbari sığorta sisteminin əhatə dairəsi genişləndirilir. Bu ilin sonunadək avtomobil və dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin də icbari fərdi qəza sığortası ilə təmin olunması nəzərdə tutulur. Yeni mexanizmin tətbiqi sərnişinlərin hüquqlarının qorunmasına xidmət etsə də, ictimaiyyətdə bir sual daha çox maraq doğurur: bu sığortanın haqqını kim ödəyəcək?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sığorta eksperti Emil Ağabağırov bildirib ki, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə ödənişlər sərnişinlər tərəfindən deyil, sərnişin daşımalarını həyata keçirən nəqliyyat vasitələrinin sahibləri tərəfindən qarşılanacaq.

Ekspertin sözlərinə görə, sərnişinlərin icbari fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 5-ci fəslində təsbit olunub.
“Bu sığorta növü hava, su, dəmir yolu və avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin həyat və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəydiyi hallarda sığorta təminatının verilməsi məqsədilə tətbiq edilir. Qanunvericiliyə əsasən, sərnişinlərin fərdi qəza sığortası icbaridir”, – deyə ekspert vurğulayıb.
Emil Ağabağırov qeyd edib ki, sərnişin daşımaları xidməti göstərən hava, su, dəmir yolu və avtomobil nəqliyyatı vasitələrinin sahibləri daşıdıqları sərnişinləri mütləq qaydada fərdi qəza sığortası ilə təmin etməlidirlər.
Onun sözlərinə görə, bu mexanizm nəqliyyat vasitəsində baş verə biləcək qəza və digər sığorta hadisələri zamanı sərnişinlərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Qeyd edək ki, yeni tətbiqin həyata keçirilməsi ilə sərnişinlərin sığorta təminatının əhatə dairəsi genişlənəcək və nəqliyyat sahəsində təhlükəsizlik mexanizmləri daha da möhkəmlənəcək.
Aynurə İsmayıl
KONKRET.az
