Şikayətlər artır, həll isə yoxdur: İcra hakimiyyətlərində nə baş verir?backend

Şikayətlər artır, həll isə yoxdur: İcra hakimiyyətlərində nə baş verir?

Vətəndaşların sosial problemlər, infrastruktur çatışmazlıqları və müraciətlərinin cavabsız qalması ilə bağlı narazılıqları davam edir.

Bəs niyə icra hakimiyyətləri insanların real problemlərinə çox vaxt operativ və şəffaf yanaşmır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, vətəndaşların şikayətləri yalnız icra hakimiyyətlərinə deyil, dövlətin müxtəlif qurumlarına da ünvanlanır.

Tural Abbaslı: AĞ partiya Azərbaycan Xalq Hərəkatının fəal üzvlərindəndənidr

Onun sözlərinə görə, icra hakimiyyətləri bir çox hallarda səlahiyyət və resurs çatışmazlığını əsas gətirərək müraciətlərə effektiv reaksiya vermirlər:

“İcra hakimiyyətləri çox zaman bildirirlər ki, bu və ya digər məsələnin həlli onların səlahiyyətləri çərçivəsində deyil. Bu vəziyyət həm həmin qurumların həqiqətən də kifayət qədər resurslara malik olmamasından, həm də bəzi hallarda icra başçılarının şəxsi yanaşmalarından qaynaqlanır.

Yerli icra orqanları vətəndaşların problemlərinin həlli üçün daha yüksək dövlət qurumları qarşısında məsələ qaldırmalı, problemin aradan qaldırılması istiqamətində təşəbbüs göstərməlidirlər.

Lakin bəzi hallarda onlar özlərini əlavə problemlərlə yükləmək istəmir, daha rahat yolu seçərək vətəndaşlara şablon cavablar göndərirlər. Nəticədə problem həll olunmamış qalır, bu isə vətəndaşlarda narazılıq yaradır”.

Partiya sədri vurğulayıb ki, belə halların artması insanların dövlət institutlarına inamına da mənfi təsir göstərir:

“Problemlərin həll edilməməsi dövlətin vətəndaşın yanında olduğu hissini zəiflədir. Gələcəkdə yerli idarəetmə mexanizmləri yenidən qiymətləndirilməli, insanların problemlərini daha effektiv həll edə biləcək idarəetmə sistemi formalaşdırılmalıdır”.

Abbaslının fikrincə, yerli idarəetmədə aparılacaq islahatlar və səlahiyyət bölgüsünün təkmilləşdirilməsi vətəndaş müraciətlərinin daha operativ həllinə şərait yarada bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*