Sinqapur yeni elm mərkəzinin köməyi ilə qlobal istiləşmə fonunda dəniz səviyyəsinin qalxmasına qarşı mübarizə aparmaq qərarına gəlib.
KONKRET.az Reuters agentliyinə istinadən xəbər verir ki, ada ölkəsi özünü okeandan qorumağı planlaşdırır.
Bu gün Sinqapurda Sahil Müdafiəsi və Daşqınlara Dayanıqlılıq İnstitutunun açılışı olub.
Qurumun əsas məqsədi daşqınlardan qorunmaq üçün uzunmüddətli həll yolunu tapmaqdır. Hazırda dəniz səviyyəsi ildə üç-dörd millimetr qalxır ki, bu da ştatın bir hissəsi üçün təhlükə yaradır. Sinqapurun demək olar ki, üçdə biri dəniz səviyyəsindən beş metrdən az yüksəklikdə yerləşir.
Orta illik yağıntı miqdarı yüksək olduğundan, Sinqapurda sel təhlükəsi riski böyükdür. Mütəxəsislərin hesablamalarına görə 21-ci əsrin sonuna qədər Sinqapurda dəniz səviyyəsi bir metr yüksələcək. Bu isə vəziyyəti daha da ağırlaşdıra bilər. Sahil Müdafiəsi və Daşqınlara Dayanıqlılıq İnstitutu artıq sahil xətlərini qorumaq üçün manqrov və dəniz yosunlarından istifadə edərək təbii həlləri araşdırmaq üçün İctimai Kommunal Xidmətlər Şurası, su agentliy, Sinqapur Milli Universiteti ilə tədqiqatlara başlayıb.
Vəli Həsənov,
KONKRET.az
