Avqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhər prokurorluğuna Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olmuşdur.
KONKRET.az xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Araşdırmalarla 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Anar Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
***
09:09
Xəzər dənizinin Sumqayıt şəhərinə düşən hissəsində batan hamilə qadının kimliyi açıqlanıb.
KONKRET.az Baku TV-yə istinadən xəbər verir ki, o, 33 yaşlı Əhmədova Şəhanə Sərzalı qızıdır.
Yaxınları onu sudan çıxarıblar.
Hadisə yerinə Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasın biriqadası cəlb olunub.
Lakin suda Şəhanə Əhmədovanın həyatını xilas etmək mümkün olmayıb.
