ABŞ Prezidenti Donald Trump administrasiyasının Qarabağa (Dağlıq Qarabağdakı separatçı rejim) yardımı azaltmaq qərarı həm Azərbaycan lobbisinin fəaliyyəti, həm də Vaşinqtonun xarici ölkələrə maliyyə yardımını azaltmaq istəyi ilə əlaqədardır.
KONKRET.az Sputnik Ermənistana istinadən xəbər verir ki, bu fikirləri politoloq Suren Sarkisyan dilə gətirib.
Erməni Amerika Araşdırmaları Mərkəzi daha əvvəl ABŞ hakimiyyət orqanlarının Qarabağdakı minalardan təmizlənməsi proqramını məhdudlaşdırmaq qərarına gəldiyini bildirmişdi. Mənbənin sözlərinə görə, qərarı ABŞ Milli Təhlükəsizlik Şurası qəbul edib.
Suren Sarkisyanın sözlərinə görə, Tramp administrasiyasının prioritetləri, xüsusən ABŞ üçün strateji əhəmiyyətə malik olmayan ölkələrə xarici yardımın göstərilməsini özündə cəmləşdirmir. Buna görə Amerika prezidentinin administrasiyası xarici yardımın həcmini təxminən 40% azaldıb.
Xüsusilə Qarabağa gəlincə, söhbət amerikalılardan maliyyələşən təşkilatlardan biri tərəfindən həyata keçirilən bir minatəmizləmə proqramından gedir. Bu baxımdan, bu proqramı niyə azaltmağa qərar verildiyi və niyə məhz bu mərhələdə verildiyi sualları meydana çıxır.
Sarkisyan erməni lobbisinin fəal səylərinin və 70 konqresmenin məktubunun bu məsələyə heç bir təsiri olmadığına görə təəssüfləndiyini deyib.
“Bakı Vaşinqtonun prioritetinə çevrilib. Təsadüfi deyil ki, 2018-2019-cu illərdə ABŞ Azərbaycana təxminən 800 milyon dollar məbləğində hərbi yardım ayırıb”, – Sarkisyan deyib.
