Surət Hüseynovu kim və necə zəhərləyib? – Köməkçisindən SENSASİON İDDİAbackend

Surət Hüseynovu kim və necə zəhərləyib? – Köməkçisindən SENSASİON İDDİA

1959-cu ildə Gəncə (o vaxt Kirovabad adlanırdı) şəhərində doğulmuş, Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov 64 yaşında İstanbulda vəfat edib.

Hüseynovun köməkçisi Könül Rafiqqızı BBC-yə açıqlamasında onun tədricən zəhərləndiyini iddia edib. Onun sözlərinə görə, keçmiş Baş nazirin heç bir xəstəliyi olmayıb, amma bir il öncə Türkiyədə “taqətdən düşəcək qədər zəifləməyə” başlayıb.

BBC Azərbaycanca İstanbulda səhhəti pisləşən Surət Hüseynovun ilk gətirildiyi Arnavutköy Dövlət Xəstəxanasından öyrənə bilib ki, təcili yardım hadisəsi ilə bağlı “intihar, zəhərlənmə və ya zərbə şübhəsi” olduğu üçün Surət Hüseynovun qeydiyyatı “adli durum” kimi aparılıb.

“Şəxsin sağlamlığının pisləşməsinə səbəb olan vəziyyətə görə şəxsin özünün və ya digər şəxslərin məsuliyyət daşıya biləcəyinə dair şübhələrin olduğu hallar” “adli durum” kimi qiymətləndirilir.

Bazar ertəsi yaxınları onun komaya düşdüyünü və İstanbulda xəstəxanaya aparıldığını demişdi.

BBC-nin əldə etdiyi məlumata görə, o, əvvəlcə İstanbuldakı Arnavutköy Dövlət xəstəxanasına, ordan isə Medipol Mega Üniversitetinin xəstəxanasına aparılıb.

Türkiyənin “Cümhuriyyət” qəzeti Medipol Mega Universitetinə istinadən bildirir ki, Surət Hüseynov bu gün səhər saatlarında İstanbul hava limanında şüurunu ani itirməsi və ürəyinin dayanması səbəbi ilə xəstəxanaya gətirilib, bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Medipol Mega Universitetinin yaydığı açıqlamada bildirilir ki, Surət Hüseynov əvvəlcə Arnavutköy Dövlət xəstəxanasına aparılmış, sonra isə üçüncü səviyyədə reanimasiyası olan Medipol Mega Üniversitetinə gətirilmişdi. “İlk müayinədə onun huşsuz olduğu, təbii tənəffüsü və ürək döyüntüsü olmadığı məlum olub. Bu vəziyyətdə reanimasiya müdaxiləsi davam etdirilib və lazımi tibbi müalicələr aparılıb. Lakin bütün cəhdlərə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb”, – “Cümhuriyyət” qəzeti universitetin açıqlamasına istinad edib.

“Cümhuriyyət” Surət Hüseynovun nəşinin tibbi ekspertizaya göndərildiyini yazıb.

Onun köməkçisi Könül Rafiqqızı bildirib ki, bir il əvvəl Surət Hüseynov müayinə olunmaq üçün Türkiyədə bir xəstəxanaya müraciət edib, ona öd kisəsində daş olduğu deyilib, buna inanmadığı üçün o, başqa xəstəxanaya müraciət edib və əvvəlki diaqnoz burada təsdiqlənməyib.

Onun dediyinə görə, Türkiyədə müalicəni dayandırandan sonra tədricən səhhəti qaydasına düşsə də, tam sağala bilməyib: “Bizə məlum olmayan səbəbdən 1 il ərzində zəiflədi və şam kimi əridi. İstər Türkiyədə, istərsə də  Rusiyada analizlər heç bir ölumcül xəstəlik üzə çıxarmadı. Mən onun qidayla ardıcıl zəhərləndiyi düşüncəsindəyəm”, – K.Rafiqqızı deyib.

Əlavə edib ki, Surət Hüseynov Azərbaycana qayıdaraq siyasi fəaliyyətə başlamağa qərar veribmiş:

“Onun siyasətə qayıtmaq məqsədi hər kəsə aydın idi və 2019-dan başlayan müsahibələri, bəyanatları bunu açıqca ortaya qoyurdu”, – Könül Rafiqqızı deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*