Portuqaliya Meyvə-Tərəvəz və Gül İstehsalçıları Assosiasiyası benzindaşıyan maşınların sürücülərinin tətilinin reallaşacağı təqdirdə mümkün ziyanın məbləğini hesablayıblar.
AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, tətilin elə ilk günü onlar təqribən 21 milyon avro ziyana düşəcəklər.
Fermerlərin sözlərinə görə, avqust ilin ən əhəmiyyətli ayıdır, çünki meyvə-tərəvəz məhsulunun çoxu məhz bu ayda toplanır.
Xatırladaq ki, təhlükəli yüklər daşıyan sürücülərin həmkarlar ittifaqlarının liderləri avqustun 12-də tətil keçiriləcəyi barədə xəbərdarlıq ediblər. Onlar bildiriblər ki, bütün ölkə üzrə xidmətlərin yalnız 25 faizini göstərəcəklər. Aprel ayında keçirilən əvvəlki aksiya zamanı sürücülər Lissabonda və Portuda xidmətlərin 40 faizini göstəriblər. Buna baxmayaraq, tətil ölkənin bir çox rayonlarının yollarında kollaps yaradıb. Yanacaqdoldurma stansiyalarının yanında kilometrlərlə uzanan növbələr üzündən yollarda çoxsaylı tıxaclar yaranıb.
Benzindaşıyan maşınların sürücüləri əmək şəraitinin yaxşılaşdırılmasını, iş vaxtının qısaldılmasını, əməkhaqqının artırılmasını, ən başlıcası yanğın təhlükəli yükləri daşımaq icazəsi olan sürücülərin əməkçilərin ayrıca təbəqəsi kimi qanunverici qaydada tanınmasını tələb edirlər.
