Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda ABŞ Dövlət Departamenti İrandakı vətəndaşlarına qarşı xüsusi xəbərdarlıq bəyanatı yayıb. Rəsmi Vaşinqton İran hava məkanının qismən yenidən açılmasından istifadə edərək, bütün ABŞ vətəndaşlarını dərhal bu ölkəni tərk etməyə çağırıb. Səyahət risklərinin ən yüksək səviyyəyə çatdığı bu günlərdə amerikalıların təhlükəsizliyi əsas prioritet elan edilib.
KONKRET.az xəbər verir ki, Dövlət Departamentinin rəsmi məlumatında vətəndaşlara İrandan çıxmaq üçün həm hava, həm də quru yollarından istifadə etmək tövsiyə olunur. Bildirilir ki, uçuşlardan əlavə, ABŞ vətəndaşları Azərbaycan, Türkiyə, Ermənistan və Türkmənistan vasitəsilə quru sərhədlərini keçərək ölkəni tərk edə bilərlər. Eyni zamanda, İranı tərk edə bilməyən şəxslərə yaşayış yerlərində və ya hotellərdə qalmaq, pəncərələrdən uzaq durmaq və təhlükəsizlik qaydalarına ciddi əməl etmək tapşırılıb. Xəbərdarlıqda Əfqanıstan, İraq və Pakistanın İranla həmsərhəd olan ərazilərinə səyahətin qəti şəkildə yolverilməz olduğu vurğulanır.
Natiq Səlim,
KONKRET.az
