Donald Tramp İsrailin 7 oktyabrdan bəri Qəzzaya hücumlarını və ABŞ prezidenti Co Baydenin siyasətini sərt tənqid edib.
KONKRET.az xəbər verir ki, İsrail hökumətinə xəbərdarlıq edən Tramp bunları bildirib:
“Mən çox açıq şəkildə deyirəm: hücumları bir kənara qoyun, sülhə qayıdaq və insanları öldürməyi dayandıraq”.
İsrail ordusunun hücumlarda dağılan binaların görüntülərini paylaşmasına reaksiya verən keçmiş ABŞ prezidenti deyib ki, “Nifrət etdiyim başqa bir şey də odur ki, davamlı olaraq kasetlər yayımlayırlar. Hər gecə dağıdılan binanın kasetini yayımlayırlar. Yayım etməməlidirlər. Ona görə də onlar piar müharibəsini uduzurlar”.
Qəzzaya edilən hücumların bir an əvvəl bitməsi və sülhün bərqərar edilməsinin vacibliyini qeyd edən Tramp vurğulayıb ki, “İsrail çox diqqətli olmalıdır, çünki bu dövlət dünyanın böyük bir hissəsini itirir”.
Tramp ABŞ prezidenti Baydeni də günahlandırıb: “Bizim bu axmaq prezidentə görə bütün dünya dağılır”.
Tramp “Əgər siz tarixin ən pis on prezidentini toplasanız, bu adamın ölkəmizə vurduğu zərəri onlar edə bilməzdilər. Onun indiyə qədər 15 milyon insanın sərhədi keçməsinə icazə verməsi tamamilə çılğınlıqdır. Onun üç il yarımda ölkəmizə etdikləri ağlasığmazdır”, – deyə bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
