ABŞ Prezidenti Donald Tramp İranla bağlı mühüm razılaşmanın əldə edildiyini bəyan edib.
KONKRET.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı mesajda sazişin imzalandığını bildirərək bu hadisəni region üçün əhəmiyyətli addım kimi qiymətləndirib.
Tramp həmçinin ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasının ləğv edilməsi barədə göstəriş verdiyini açıqlayıb. Onun sözlərinə görə, Hörmüz boğazı vasitəsilə beynəlxalq gəmiçilik fəaliyyətinin yenidən sərbəst şəkildə həyata keçirilməsinə şərait yaradılıb.
ABŞ lideri bildirib ki, əldə olunan razılaşma Yaxın Şərqdə sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək. O, əvvəlki dövrlərdə İranla sülh əldə etmək istiqamətində bir çox cəhdlərin uğursuz olduğunu xatırladaraq, hazırkı razılaşmanı tarixi nailiyyət kimi dəyərləndirib.
Trampın sözlərinə görə, region ölkələrinin rəhbərləri uzun müddətdən sonra sülhə aparan real imkan əldə ediblər və yeni mərhələnin bölgədə gərginliyin azalmasına xidmət edəcəyi gözlənilir.
