Türkiyə Cümhuriyyətinin 100 illiyi Qazaxıstanda qeyd edilib – FOTOLARbackend

Türkiyə Cümhuriyyətinin 100 illiyi Qazaxıstanda qeyd edilib - FOTOLAR

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə Beynəlxalq Türk Akademiyası, Lev Qumilyov adına Avrasiya Milli Universiteti və Türkiyə Respublikasının Səfirliyi ilə birgə “Türk dünyasının gələcəyinə 100-cü ildə baxış” adlı beynəlxalq konfrans təşkil edib”.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türk Tarix Qurumunun fəxri üzvü, Beynəlxalq Osmanlı Araşdırmaları Komitəsinin İdarə Heyətinin üzvü, Prof.Dr. İlber Ortaylının əsas məruzəçi olduğu konfransda Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapucu, Azərbaycanın bu ölkədəki səfiri Ağalar Rahim oğlu Atamoğlanov, Lev Qumilyov adına Avrasiya Milli Universitetinin İdarə Heyətinin üzvü – Elm, Kommersiya və Beynəlmiləlləşdirmə üzrə prorektor Janna Kurmanqaliyeva, Qazaxıstan Xarici İşlər Nazirliyinin Xüsusi vəzifələr üzrə səfiri Ontalap Onalbekulı və Nazarbayev Universitetinin Qazax dili və türkologiya kafedrasının müdiri Uli Şamiloğlu çıxış ediblər. Tədbirdə diplomatik nümayəndəliklərin nümayəndələri, dövlət xadimləri, ziyalıların nümayəndələri, türkoloqlar da iştirak ediblər.

Akademiyanın prezidenti Şahin Mustafayev qeyd edib ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümündə türk dünyasının gələcəyinə nəzər salanda türk dövlətləri qarşısında böyük imkanlar açılıb.

Şahin Mustafayev vurğulayıb ki, “Türk dünyasının geosiyasət və geoiqtisadiyyat baxımından əhəmiyyəti getdikcə artır. Qeyri-sabitliyin artdığı təlatümlü bir dünyada türk dünyasının sülh və firavanlıq bölgəsinə çevrilmə potensialı çox yüksəkdir. Qarşıdakı dövrdə Türk dünyasının harmoniya, qardaşlıq, dostluq, təhlükəsizlik, sabitlik və sülhün qorunduğu bir bölgə olmağa davam edəcəyinə ümid edirik”.

Türkiyənin səfiri Mustafa Kapucu 2023-cü il noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə Toplantısının yüksək səviyyədə keçirildiyini qeyd edib. Sammitin türk dövlətləri üçün dönüş nöqtəsi olduğunu deyən səfir, həmçinin Türkiyənin 100 illiyi ilə bağlı tədbirin təşkilinə görə Türkiyə Akademiyasına və Lev Qumilyov adına Avrasiya Milli Universitetinə təşəkkürünü bildirib.

Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Ontalap Onalbekulı Türkiyə Cümhuriyyətinin 100 illik yubileyini qeyd edərək, Türkiyənin əldə etdiyi uğurların bütün türk dünyasının qüruru olduğunu vurğulayıb.

Türkiyədən xüsusi dəvət olunmuş professor İlber Ortaylı “Türkiyə Cümhuriyyəti və Türk Dünyası 100 illik yubileyində” mövzusunda məruzə ilə çıxış edib. İlber Ortaylı türk xalqları arasında mədəni əlaqələrin dərinləşdirilməsinin, inteqrasiya prosesində mədəni əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunub. O, Türkiyə Akademiyasının bu sahədə gördüyü işlərə yüksək qiymət verib.

Konfrans çərçivəsində türkiyəli tarixçi Afət İnanın Türkiyə Akademiyasının təşəbbüsü ilə qazax dilinə tərcümə edilmiş “Kamal Atatürkü anırıq” kitabının təqdimat mərasimi keçirilib.

Bu yeni nəşrdə türk ziyalı təbəqəsinin qabaqcıl nümayəndələrindən olan Afət İnan Xanımın türk dünyasının böyük şəxsiyyəti, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə bağlı xatirələri və düşüncələri yer alıb.

Görüşün sonunda professor İlber Ortaylıya türk dünyasının elmi inteqrasiyasına xidmətlərinə görə Türkiyə Akademiyasının fəxri medalı təqdim edilib və ona Lev Qumilyov adına Avrasiya Milli Universitetinin fəxri professoru adı verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*