Türkiyə ilə Yunanıstan arasında gərginlik yenidən artıb. Son zamanlar isə tərəflər bir-birini döyüş təyyarələrinin hava məkanını pozmaqda günahlandırır. Yunanların türk təyyarələrinə qarşı törətdiyi təxribarları əks etdirən radar qeydləri rəsmi Ankara tərəfindən NATO Baş Katibliyinə və İttifaqa üzv ölkələrin müdafiə nazirliklərinə göndəriləcək. Proseslərin necə cərəyan edəcəyi isə sual altındadır.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Türkiyə Rusiya məsələsində tutduğu mövqeyə görə çox ciddi şəkildə qınaq obyektinə çevrilir. “Artıq ABŞ tərəfi Türkiyəyə qarşı ciddi sanksiyaların həyata keçirilməsində maraqlı tərəf kimi görünür. İran məsələsini də nəzərə alsaq bölgədə yeni bir münaqişənin yaranmasında bütün tərəflərin maraqlı olduğunu görə bilərik”.

Ekspertin sözlərinə görə, 1960-cı illərdən etibarən Yunanıstanın dəniz milinin artırılması ideaları Türkiyə tərəfindən müharibə səbəbi kimi qiymətləndirilib. “Yunanıstanın “Meis” adası İzmirlə üzbəüzdə yerləşir. Bu da Türkiyəni Yunanıstan sahillərinə təxminən 400 kilometr məsafədə yaxınlaşdırır. Buradan qaynaqlanaraq dənizin uzunluğunu 6 milə çıxarmaq məsələsi gündəmə gəldi. Türkiyə bunu 6 mil müəyyən edib. Yunanıstan isə 12 millə müəyyənləşdirmək iddiasını irəli sürür. Bu mənada artıq Türkiyə ətrafında hər hansısa bir ciddi münaqişənin baş verməsində tərəflərin hamısı, o cümlədən də ABŞ və prosesin Yunanıstanın xeyrinə həll olunmasını istəyən qüvvələr maraqlıdır”.
Arifə Kərimzadə,
KONKRET.az
