“Türklər və suriyalılar qardaşdır. Türkiyədə olan 3.5 milyon suriyalının 50 faizi türkmən əsillidir.”
Avropa.info xəbər verir ki, bunu Suriya Türkmən Cəbhəsinin lideri Abdulkərim Ağa CHP və İyi Partiyanın suriyalı qaçqınları Türkiyədən çıxarmaqla bağlı tələblərinə münasibət bildirərkən deyib. Abdulkərim Ağa bu gün Türkiyənin mövcud olduğu ərazilərdə, keçmişdə türkmənlər tərəfindən Osmanlı dövləti qurulduğunu xatırladıb.
“Hələb, Şam min illik türk şəhərləridir. Suriya Anadoludan daha qədim türk torpağıdır. Unutmayın Osmanlı dövlətinin qurucusu Osman bəyin atası Süleymanşah Anadoluya Suriyadan keçmişdir. Yəni türklərin qayı boyunun bəyi Süleymanşah da Suriyalı bir türkməndir. Bunları bilmədən Türkiyəyə sığınmış qardaşlarımıza hücum etmək, onları pisləmək son dərəcə yanlış hərəkətlərdir. Onsuz da Suriyada müharibə qurtaranda bir nəfər də olsun suriyalını burada saxlaya bilməzsiniz. Hamısı geri dönər.
Xüsusilə CHP və İyi Partiyanın suriyalı düşmənçiliyini qızışdıran mövqeyi Türkiyəyə və türk siyasətinə yaraşmır. Bu kimi faşizan yanaşmalar, bütün dünyada böyük hörmət doğuran Türkiyənin qaçqınlara qucaq açması reallığı ilə uyğun gəlmir. Bu kimi təcavüzkar mövqelərdən xüsusən Suriyadan gələn türkmənlər böyük iztirab duyur. Çünki biz qardaşıq. Türk – türkmən qardaşlığını inkar etmək mümkündürmü? Əsəd rejiminin qırğınlarından qaçıb Türkiyəyə gələn qardaşlarımızın ən azı 50 faizi türkmən əsilli suriyalılardır. Əsəd rejimi uzun illər boyu Dəməşqdə, Hələbdə, Hamada, İdlibdə yaşayan milyonlarla türkmənin türk kimliyini silərək ərəbləşdirmişdir. Onların apardığı bu zülmü indi də CHP, İyi partiya və bəzi qruplar davam etdirir. Suriya torpaqları Osmanlını da quran türkmənlərin Yaxın Şərqdəki ilk yurdudur. Şam, Hələb, İdlib, Hama kimi şəhərlər Ankara, İstanbul, Bursa kimi şəhərlərdən daha qədim türk şəhərləridir.
Türkmən və ərəblər gəlir gəlməz ailələrini saxlamaq üçün işləyirlər. Buradakı insanların görmək istəmədiyi işləri ən aşağı maaşlarla edirlər. Ailələrini kimsəyə möhtac etmədən saxlamağa çalışırlar. Bununla yanaşı, Suriyadan minlərlə zəngin iş adamı da Türkiyəyə gələrək ticarətlərini Türkiyə üzərindən davam etdirirlər. Bunlar Türkiyə iqtisadiyyatına böyük töhfə verir. Əsasən qaranlıq güclər, suriyalıların Türkiyəyə sosial və iqtisadi baxımdan kömək etməsindən narahatdır. Suriyalılar əleyhinə təxribatlar da bundan qaynaqlanır” – Abdulkərim Ağa belə deyib
