Sentyabrda BMT Baş Assambleyasının (GA) 78-ci sessiyası çərçivəsində Türkmənistan “Xəzərin Ekoloji Təşəbbüsü”nün yaradılması təklifini təqdim etməyi planlaşdırır.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin dərc olunan məqaləsində deyilir.
“Türkmənistan Xəzər məsələsində səmərəli əməkdaşlığı nəzərə alaraq “Xəzərin Ekoloji Təşəbbüsü”nün yaradılması təklifi ilə çıxış edir. Bu, Xəzər dənizinin ətraf mühitinin, bioloji ehtiyatlarının mühafizəsi, habelə bir sıra ekoloji problemlərin həlli ilə bağlı geniş spektrli məsələlər üzrə beynəlxalq platformaya çevrilmək üçün nəzərdə tutulmuşdur”, – məqalədə deyilir.
Türkmənistan həmçinin qərargahı Aşqabadda yerləşən BMT-nin sudan istifadə üzrə regional şurasının yaradılması təşəbbüsünə baxmağı təklif edəcək. Qeyd olunur ki, təşəbbüs Mərkəzi Asiyada sülhün, təhlükəsizliyin və mehriban qonşuluğun qorunmasına, eləcə də regionda transsərhəd çaylardan sudan istifadə mexanizminin yaradılmasına yönəlib.
İqbal Rzayev,
KONKRET.az
