Türkmənistanda məhkum qohumları olan vətəndaşların dövlət hesabına Həcc ziyarətinə getməsinə icazə verilmir.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, zəvvarlar qohumlarının üç nəsil ərzində heç bir cinayətinin olmadığını təsdiq edən “uch arka” arayışı təqdim etməlidir.
Belə ki, qohumları arasında ən azı bir nəfər həbs cəzası çəkmiş şəxs varsa, həmin zəvvar siyahıya düşə bilməyəcək.
Bildirilib ki, müraciət edən vətəndaşlardan tələb olunan sənədlərin siyahısına koronavirusa qarşı dörd peyvəndin olunması haqqında arayış da daxildir. Bundan əlavə, müraciət edən şəxs qohumlarının hansı qəbiristanlıqlarda dəfn edildiyini bildirməlidir.
Məlumata görə, hökumətin qoyduğu bəzi tələblərə cavab verməyən namizədlər məsələni rüşvətlə həll etməyə çalışır. Belə ki, 30 min manat (rəsmi məzənnə ilə 8500 dollar) rüşvət müqabilində məhkum yaxınlarının olmaması barədə saxta arayış verilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı hər il Türkmənistana 2000-dən çox Həcc kvotası ayırır. Türkmənistan hökuməti dövlət hesabına bir neçə yüz nəfəri Həcc ziyarətinə göndərir. Məsələn, 2019-cu ildə dövlət dəstəyi ilə 160 Türkmənistan vətəndaşı Həcc ziyarətinə gedibsə, 2022-ci ildə onların sayı 275 olub.
İqbal Rzayev,
KONKRET.az
