Macarıstanın Baş naziri Viktor Orbanın səsləndirdiyi fikirlər aləmi bir-birinə vurub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Orban Ukraynanı “mövcud olmayan ölkə” adlandırıb. Macarıstan nazirlər kabinetinin rəhbəri hesab edir ki, ABŞ və Avropa Kiyevə pul ayırmağı dayandıranda Ukraynadakı müharibə sona çatacaq: “İqtisadi göstəricilərin aşağı düşməsi riski böyükdür. Bu, müharibə səbəbindən tamamilə başa düşüləndir. Aydındır ki, Ukrayna özünü maliyyələşdirə bilmir. Məsələ bizim Ukraynanı dəstəkləyib-dəstəkləməməyimizdən gedir”, – Orban vurğulayıb.
O, Avropa ölkələrinin Ukraynanın saxlanmasına on milyardlarla dollar xərclədiyini açıqlayıb:
“Biz ukraynalıların pensiyalarını, hesablarını ödəyirik, dövlət qurumlarını, səhiyyəni, təhsili saxlayırıq. Amma bu vəziyyət əbədi davam edə bilməz. Macarıstan da Kiyev rejiminin maliyyələşdirilməsində iştirak edir. Eyni zamanda Zakarpatiyada macar azlığının vəziyyəti daha da pisləşir”.
Qeyd edək ki, Macarıstan hökuməti Kiyevin öz ərazisindəki macar azlığının hüquqlarını bərpa etməsi şərti ilə Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyə razılaşıb. Macarıstanın Nazirlər Kabineti öz tələbini alyansa üzv ölkələrin xarici işlər nazirlərinin iclası zamanı açıqlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
