Universitet yataqxanalarında qida təhlükəsizliyi: Kənardan yemək gətirmək niyə qadağan edilir?backend

Universitet yataqxanalarında qida təhlükəsizliyi: Kənardan yemək gətirmək niyə qadağan edilir?

“Yataqxanaya kənardan yemək gətirilməsi ilə bağlı qadağa sırf təhlükəsizlik və antisanitariya halları ilə bağlıdır”.

Bu barədə açıqlamasında Gəncə Dövlət Universitetinin yataqxana müdirinin müavini Orxan Məmmədov tələbələrin yataqxanaya kənardan yemək gətirməklə bağlı qadağaya narazılıqlarına münasibət bildirərkən belə deyib.

Bir qrup tələbə sosial şəbəkə platformalarında narazılıqlarını ifadə edərək ev yeməklərinin universitetin yataqxanasına gətirlməsinə icazə verilmədiyini bildiriblər.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi universitet yataqxanalarına kənardan yemək gətirilməsi və ya tələbələrin özlərinin universitet yataqxanasında yemək hazırlamağına icazənin olub-olmamasına aydınlıq gətirib. Belə ki, Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, bu təhlükəsizlik baxımından verilə bilən qərardır və hər bir müəssisənin daxili qaydası əsasında tənzimlənir.

Universitet rəsmisi Orxan Məmmədov tələbələrin yataqxanada qızdırıcılara qarşı səhlənkarlıq etdiklərini, xarab olmuş yeməklərin mətbəxdə antisanitariya vəziyyəti yaratdığını qeyd edib: “Həmçinin yataqxanada bir neçə dəfə kənardan gətirilmiş qidadan zəhərlənmə halı baş verib. Bütün bu prosesləri idarə etməkdə çətinlik yarandığı üçün qadağa tətbiq etmək məcburiyyəti yaranıb”.

Orxan Məmmədov onu da qeyd edib ki, hazırda mətbəxdə səliqə-sahman hökm sürür və yeməklərin keyfiyyəti yüksəkdir.

“Tələbələrin yataqxanaya kənardan soyuq yeməklər gətirmələri ilə bağlı isə qadağa yoxdur”, – o əlavə edib.

Mövzu ilə bağlı qida mühəndisi Fərid Səfərov deyir ki, kənardan yemək gətirmək və ya yataqxanada yemək hazırlamaqla bağlı qadağa olmayan universitet yataqxanalarında buna birbaşa nəzarət etmək çətindir:

“Yataqxanalarda gigiyena normaları təmin olunmalıdır. Lazım gəlsə, bununla bağlı təlimlər keçirilməlidir. Bufetdən alınmış, yataqxanada hazırlanmış və ya evdən göndərilmiş yemək, ərzaq və qida məhsulları sağlam, təmiz, keyfiyyətli olmalıdır. Tələbələr də təmizlik, sanitariya şərtlərinə ciddi əməl etməlidirlər”.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi Aynur Məmmədova da mövzu ilə bağlı bildirib ki, yataqxanalarda Gigiyena Epidemiologiya Mərkəzinin nəzarəti altında gigiyenik normalara əmək edilməklə, keyfiyyətli yemək menyusunun təklif edilməsi alqışa layiq addımdır:

“Ən azından bilirsən ki, bu yeməklərə nəzarət var. Küçədən alınmış xörəklərə isə belə bir nəzarətin olması daha çətin məsələdir. Bizə daxil olan zəhərlənmə hallarının demək olar hamısında tələbələr eyni qidalardan zəhərlənmiş olurlar. Onlar bir çox hallarda dönər, şaurma, fastfud yeməklərdən, vaxtı keçmiş kolbasa, sosis məhsullarından zəhərlənirlər. Paketlənmiş qidalardan zəhərlənmə halları da çox olur”.

Həkim, həmçinin deyir ki, vaxtsız qidalanma, keyfiyyətsiz qida “tələbə xəstəliyi” deyilən qastritə səbəb olur:

“Buna görə tələbələr qidalanma rejimlərinə və qidanın keyfiyyətinə həssas yanaşmalıdırlar”.

Məsələ ilə bağlı müraciət etdiyimiz bir neçə universitetdən bildirilib ki, yuxarıda qeyd olunan məsələ ilə əlaqədar onlarda hər hansı qadağa mövcud deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*