Eynək seçərkən yalnız modelin gözəl görünməsinə deyil, üz formasına uyğun olmasına da diqqət etmək lazımdır.
KONKRET.az pravdaaz-a istinadən bildirir ki, düzgün çərçivə üz cizgilərini daha balanslı göstərə bilər.
Oval üz: Demək olar ki, bütün çərçivələr oval üzə yaraşır. Üz formasını dəyişməmək üçün incə çərçivələrə və pişik gözü modellərinə üstünlük verilə bilər.
Dairəvi üz: Bu üz formasında yanaqlar daha dolğun, üzün uzunluğu və eni isə bir-birinə yaxındır. Üzü daha uzun göstərmək üçün künclü və sərt çərçivələr, xüsusilə düzbucaqlı modellər uyğundur.
Kvadrat üz: Kvadrat üzün cizgiləri daha sərt və bucaqlıdır. Buna görə oval və dairəvi kimi yumşaq formalı çərçivələr seçmək daha məqsədəuyğundur.
Almaz formalı üz: Geniş almacıq sümükləri, dar alın və çənə bu üz formasının əsas xüsusiyyətləridir. Oval, yumşaq künclü kvadrat və düzbucaqlı çərçivələr üz cizgilərini daha yumşaq göstərə bilər.
Üçbucaq üz: Bu üz formasında alın geniş, çənə isə dardır. Diqqəti çənədən uzaqlaşdırmaq üçün gicgahlara doğru uzanan çərçivələrə üstünlük vermək tövsiyə olunur.
Eynək seçərkən saç rəngini də nəzərə almaq olar. Açıq dərili və qara saçlı şəxslərə qara və tünd çərçivələr, qəhvəyi saçlılara qəhvəyi tonlar, ombre və balyaj saçlara isə sümük rəngli və naxışlı çərçivələr uyğun gəlir.
