Ermənistan ilə Avropa İttifaqı arasında baş verənlər müstəsna olaraq anti-Rusiya siyasəti müstəvisindədir.
KONKRET.az xəbər verir ki, bu barədə Sputnik Armenia-ya Ermənistan Xarici İşlər Nazirliyinin sabiq baş katibi, Fövqəladə və Səlahiyyətli Səfir Vahaqn Melikyan bildirib.
Daha əvvəl baş nazir Nikol Paşinyan Avropa İttifaqı ilə vizaların liberallaşdırılmasına 2029-cu ilə qədər nail oluna biləcəyini bəyan etmişdi. Bununla yanaşı, sentyabrın 7-də Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo Ermənistanla vizasız rejimin nə vaxt tətbiq oluna biləcəyini hələlik deyə bilmədiyini bildirib.
Diplomat vizaların liberallaşdırılması prosesi ilə bağlı Aİ nümayəndələrinin ziddiyyətli bəyanatlarını şərh edərkən qeyd edib: “Standartların, normaların, insan hüquqlarının kütləvi şəkildə pozulması və bu “demokratiya qalası”nda hazırda yaranan biabırçı vəziyyət həmin məsələni müstəsna olaraq anti-Rusiya siyasəti prizmasından nəzərdən keçirən Avropa dairələrinə qətiyyən təsir göstərmir.
Siyasi hesablama sadədir: Rusiyadan nə qədər çox uzaqlaşsanız, sizi Avropaya yaxınlaşdırmağa bir o qədər fəal səy göstərəcəyik”.
Melikyan həmçinin avropalı məmurun bəyanatını Nikol Paşinyanın Moskvaya gözlənilən səfəri ilə əlaqələndirərək, bunun Avropanın “həddi aşmamaq” barədə xəbərdarlığı rolunu oynadığını qeyd edib.
“Ermənistanın indiki hakimiyyətinin mütəmadi olaraq ödəməli olduğu qiymət budur; onlara sırınan kursdan malik olduğu ən kiçik sapma dərhal Brüsselin məhz belə reaksiya verməsinə səbəb olur”, – deyə həmsöhbət bildirib.
Eyni zamanda, o, Aİ rəsmi şəxslərinin bəyanatlarının yalnız boş sözlərdən ibarət olduğuna və əslində heç vaxt konkret əməllərə çevrilməyəcəyinə əminliyini ifadə edib.
Natiq Səlim,
KONKRET.az
