Bu gün – 20 noyabr dünyada Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur. Bu əlamətdar gün uşaqların hüquqlarının qorunması, onların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyüməsi, eləcə də keyfiyyətli təhsil imkanları ilə təmin olunmasının vacibliyini bir daha gündəmə gətirir. BMT Baş Məclisinin 1959-cu ildə Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu ildə isə Uşaq Hüquqları Konvensiyasını məhz bu tarixdə qəbul etməsi günün beynəlxalq əhəmiyyətini daha da artırır.
Bəs Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi sahəsində vəziyyət necədir? Uşaqlara qarşı fiziki və psixoloji zorakılıq, məktəblərdə bullinq, ailədaxili problemlər və təhsildə bərabər imkanların təmin olunması istiqamətində hansı çətinliklər qalmaqdadır? Uşaqların təhlükəsiz gələcəyi üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sosioloq Nailə İsmayılova bildirib ki, uşaqların hüquqlarının qorunması və təhlükəsiz uşaqlıq mühitinin yaradılması yalnız qanunlarla deyil, bütövlükdə cəmiyyətin məsuliyyətli yanaşması ilə mümkündür.

Onun sözlərinə görə, uşaqlıq insan həyatının ən həssas və şəxsiyyətin formalaşması baxımından ən mühüm mərhələsidir:
“Hər bir uşağın sevgiyə, qayğıya və təhlükəsiz mühitdə böyüməyə ehtiyacı var. Uşağın aldığı tərbiyə, qazandığı biliklər, qarşılaşdığı münasibət və yaşadığı mühit onun gələcək şəxsiyyət kimi formalaşmasına birbaşa təsir göstərir. Buna görə də uşaqların hüquqlarının qorunması yalnız ailənin və ya dövlətin deyil, bütövlükdə cəmiyyətin mənəvi və sosial məsuliyyətidir”.
Sosioloq qeyd edib ki, Azərbaycanda son illər uşaq hüquqlarının müdafiəsi, təhsilin əlçatanlığının artırılması və sosial xidmətlərin genişləndirilməsi istiqamətində mühüm addımlar atılsa da, bir sıra ciddi problemlər hələ də aktuallığını qoruyur.
Ekspertin fikrincə, ən narahatedici məsələlərdən biri uşaqlara qarşı fiziki və psixoloji zorakılığın bəzi ailələrdə tərbiyə üsulu kimi qəbul edilməsidir:
“Təəssüf ki, cəmiyyətimizdə uşağa fiziki cəza verməyi tərbiyə üsulu hesab edən valideynlərə hələ də rast gəlinir. Uşağı qorxutmaq, alçaltmaq, təhqir etmək və onun şəxsiyyətini kiçiltməklə intizam yaratmağa çalışan böyüklər var. Halbuki zorakılığın heç bir forması tərbiyə vasitəsi ola bilməz. Fiziki zorakılıq uşağın sağlamlığına, psixoloji zorakılıq isə onun özünəinamına, emosional sabitliyinə və gələcək münasibətlərinə ciddi zərər vurur.
Uşağa qarşı zorakılıq yalnız fiziki xəsarət yetirməklə məhdudlaşmır. Davamlı təhqir, təhdid, laqeydlik, uşağın fikirlərinə hörmətsizlik və onu digər uşaqlarla müqayisə etmək də psixoloji zorakılığın təzahürləri ola bilər. Təəssüf doğuran məqam odur ki, bu davranışların bir qismi cəmiyyətdə hələ də adi ailə münasibəti kimi qəbul edilir”.
Nailə İsmayılova vurğulayıb ki, zorakılığa məruz qalan uşaqlar çox vaxt qorxu, utanc və onlara inanılmayacağı düşüncəsi səbəbindən yaşadıqlarını gizlədirlər. Bu isə hadisələrin vaxtında aşkarlanmasını çətinləşdirir.
“Uşaqların müraciətlərinin məxfiliyi mütləq qorunmalı, onların təhlükəsizliyini təmin edən və şikayətlərə operativ reaksiya verən mexanizmlər gücləndirilməlidir. Uşaqlara qarşı zorakılıq ailədaxili məsələ kimi qiymətləndirilməməli və cəmiyyət tərəfindən normallaşdırılmamalıdır”.
Ekspert məktəblərdə təhlükəsiz mühitin yaradılmasının, bullinq və digər psixoloji təzyiq hallarının qarşısının alınmasının da xüsusi əhəmiyyət daşıdığını bildirib.
Onun sözlərinə görə, məktəb yalnız bilik verilən məkan deyil, həm də uşağın özünü təhlükəsiz, dəyərli və cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss etdiyi mühit olmalıdır.
Sosioloq keyfiyyətli təhsilə bərabər çıxış imkanlarının təmin edilməsini də uşaq hüquqlarının əsas istiqamətlərindən biri hesab edir:
“Xüsusilə kənd və ucqar yaşayış məntəqələrində yaşayan uşaqların keyfiyyətli təhsil imkanlarına çıxışı, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır.
Digər mühüm məsələ inklüziv təhsilin inkişafıdır. Xüsusi təhsil ehtiyacları olan uşaqların ümumi təhsil mühitinə inteqrasiyası üçün yalnız məktəblərin qapılarını açmaq kifayət etmir. Bunun üçün uyğun infrastruktur, peşəkar müəllimlər, xüsusi pedaqoqlar, psixoloqlar və fərdi yanaşma lazımdır. Heç bir uşaq fiziki, sosial və ya iqtisadi vəziyyətinə görə təhsil imkanlarından kənarda qalmamalıdır”.
Nailə İsmayılova müasir dövrdə uşaqları təhdid edən əsas təhlükələrdən birinin də internet və sosial şəbəkələrlə bağlı olduğunu diqqətə çatdırıb.
O, bildirib ki, rəqəmsal texnologiyalar uşaqlar üçün geniş inkişaf imkanları yaratsa da, kiberbullinq, onlayn təhdidlər, şəxsi məlumatların yayılması, zərərli məzmun və virtual istismar kimi risklər də mövcuddur:
“Uşaqlara rəqəmsal savadlılıq aşılanmalı, valideynlər maarifləndirilməli, məktəblərdə internet təhlükəsizliyi ilə bağlı mütəmadi təlimlər keçirilməlidir. Məqsəd uşaqları rəqəmsal dünyadan təcrid etmək deyil, onlara internetdən təhlükəsiz və məsuliyyətli istifadə etməyi öyrətməkdir”.
Sosioloq hesab edir ki, uşaqların müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, mövcud qanunların icrasına nəzarət də gücləndirilməlidir.
“Uşaqlarla bağlı hər bir müraciət ciddi araşdırılmalı, onların təhlükəsizliyi prioritet götürülməli və təqsirkar şəxslər məsuliyyətə cəlb edilməlidir. Məktəb, ailə və sosial xidmətlər arasında koordinasiya gücləndirilməli, məktəb psixoloqlarının peşəkarlığı və uşaqlarla fərdi iş imkanları artırılmalıdır.
Müəllimlər, tərbiyəçilər, sosial işçilər və uşaqlarla çalışan digər mütəxəssislər zorakılığın əlamətlərini vaxtında müəyyənləşdirməyi bacarmalıdırlar. Risk qrupuna daxil olan uşaqlarla düzgün ünsiyyət qurulmalı və zəruri hallarda erkən müdaxilə mexanizmləri tətbiq edilməlidir”.
Ekspert valideyn məsuliyyətinin artırılmasını və ailələr arasında zorakılıqsız tərbiyə üsullarının təşviqini də vacib hesab edir.
Onun fikrincə, valideynlər uşaq psixologiyası, ailədaxili münasibətlər və sağlam ünsiyyət mədəniyyəti ilə bağlı maarifləndirici proqramlara cəlb olunmalıdırlar.
“Uşağın ilk sosial mühiti ailədir. Ailədə sevgi, qarşılıqlı hörmət və etimad görən uşaq özünü daha təhlükəsiz hiss edir. Eyni zamanda, sosial baxımdan həssas ailələrdən olan uşaqlara dəstək mexanizmləri genişləndirilməlidir. Aztəminatlı ailələrin, valideyn himayəsindən məhrum olmuş, əlilliyi olan, məcburi köçkün ailələrindən olan uşaqların və digər həssas qrupların ehtiyacları fərdi qaydada qiymətləndirilməlidir”.
Nailə İsmayılova uşaqların hüquqlarının müdafiəsində qeyri-hökumət təşkilatlarının rolunun artırılmasını da zəruri sayır. Onun sözlərinə görə, QHT-lər maarifləndirmə, risk qruplarının müəyyənləşdirilməsi, sosial xidmətlərə yönləndirmə və ictimai nəzarətin gücləndirilməsi baxımından mühüm imkanlara malikdir.
Sosioloq bildirib ki, uşaqlarla bağlı qərarların qəbulunda onların fikirlərinin dinlənilməsi də əsas prinsiplərdən biri olmalıdır:
“Uşaqların gələcəyi ilə bağlı bütün qərarları onların əvəzinə qəbul etmək düzgün deyil. Onların nə düşündüyünü, nə hiss etdiyini və nəyə ehtiyac duyduğunu nəzərə almalıyıq. Çünki uşaq yalnız müdafiəyə ehtiyacı olan fərd deyil, həm də öz hüquqları, düşüncələri və maraqları olan müstəqil şəxsiyyətdir”.
Ekspertin qənaətincə, Azərbaycanda uşaqların müdafiəsi sahəsində ən mühüm prioritetlərdən biri profilaktika və erkən müdaxilə sisteminin gücləndirilməsi olmalıdır.
“Hadisə baş verdikdən sonra onun nəticələri ilə mübarizə aparmaq əvəzinə, həmin hadisəyə səbəb ola biləcək risklər əvvəlcədən müəyyənləşdirilməli və aradan qaldırılmalıdır. Uşaqlara qarşı zorakılıq heç bir halda ailənin daxili işi kimi təqdim edilməməlidir.
Unutmamalıyıq ki, uşaqlar yalnız gələcəyimiz deyil, həm də bu günümüzün bərabərhüquqlu üzvləridir. Uşağı qorumaq təkcə onun fiziki təhlükəsizliyini təmin etmək deyil, həm də şəxsiyyətinə hörmət etmək, fikirlərini dinləmək, istedadını inkişaf etdirmək və ona ləyaqətli həyat üçün bərabər imkanlar yaratmaqdır. Sağlam cəmiyyətin təməlində xoşbəxt uşaqlar dayanır”, – deyə Nailə İsmayılova fikirlərini yekunlaşdırıb.
Aynurə İsmayıl
KONKRET.az
