30 il düşmən tapdağı altında olan ərazilərimizdə ermənilərin hansı vəhşiliklər, vandallıqlar törətdiyini bütün dünya gördü. Ələ keçirdiyi torpaqlarda daşı-daş üstündə qoymayan tamahkar qonşularımız etdiklərinə görə məsuliyyət hiss etməkdənsə, yenə də bizi “borclu” çıxarmağa çalışır.
Məlum olduğu kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıda işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilib. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. 44 məbəd və 9 məscid ermənilər tərəfindən təhqir edilib, donuzların və inəklərin saxlandığı tövləyə çevrilib.
Ağdam, Füzuli və Cəbrayıl ərazisində isə bütün abidələrimiz qarət və məhv edilib. Alban xristian abidələrinin xaçlarını dəyişdirib erməni xaçı qoyub, üzərinə ermənicə yazılar yerləşdiriblər.
Ermənilərin insanlığa sığmayan vəhşiliklərini saymaqla bitməz. Lakin yenə də ermənilərin “ən savadlısı, ağıllısı” sayılan ziyalıları belə hələ etdiklərinin və danışdıqlarının fərqinə varmırlar.
İşğal etdikləri bütün torpaqları məhv edib, yalnız Şuşa və Xankəndinı “özününküləşdirmək” sevdası hələ başlarında qalan bu millətin nümayəndəsi AŞPA-da Azərbaycanı ittiham etməkdən çəkinməyib.
KONKRET.az xəbər verir ki, Ermənistan parlamentinin deputatı Vladimir Vardanyan AŞPA-da sərsəm çıxış edib. O deyib ki, Azərbaycan tərəfi erməniləri Şuşadakı müxtəlif obyektləri dağıtmaqda ittiham edir, lakin ermənilər şəhərdəki məscidi bərpa ediblər.
“Siz deyirsiniz ki, “bu işğal illərində siz bunu-filanı dağıtdınız”, amma biz Şuşada qədim və çox mühüm məscidi bərpa etdik. indi kilsələri dağıdan, şəhərin adını dəyişməyə çalışan azərbaycanlılardır”, – Vardanyan sərsəmləyib.
Vardanyanların nəzərinə çatdırmaq istəyirik ki, Azərbaycanın Şuşa şəhərində Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhər Ağanın sifarişi ilə 19-cu əsrdə tikilmiş Yuxarı Gövhər Ağa (Cümə) məscidinin Ermənistan tərəfindən “təmir olunması” ölkənin Azərbaycan ərazilərindəki maddi-mədəniyyət və dini abidələrin mənimsənilməsi və onların mənşəyinin dəyişdirilməsi siyasətinin bir hissəsi olub. Gövhər Ağa məscidini “bərpa” edərək, fars məscidi kimi qələmə verməyə çalışan işğalçı tərəfin əsas məqsədi Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyəti güdürdü. Şuşada məscid “təmir” edərək guya ki, dini dəyərlərə verdiyi hörməti nümayiş etdirmək cəhdi riyakarlıqdan başqa bir şey deyildi.
Xuraman Etibarlı,
KONKRET.az
