Xameneyi Ərdoğana Türkiyənin Suriyanın şimalında əməliyyat keçirməsi ideyasına qarşı olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə İranın ali dini lideri Əli Xameneyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlarda deyib.
O bildirib ki, Türkiyənin Suriyanın şimalında kürd birləşmələrinə qarşı hərbi əməliyyat keçirmək planları bütün regiona zərər verə bilər,
“Suriyanın ərazi bütövlüyünü qorumaq vacibdir. Bu ölkənin şimalındakı hərbi əməliyyatlar, şübhəsiz ki, Türkiyəyə, Suriyaya və bütün regiona ziyan vuracaq”, – deyə Xameneyi vurğulayıb.
Xameneyinin sözlərinə görə, Türkiyənin belə bir hərbi əməliyyatı Dəməşqin Suriya münaqişəsinin siyasi həlli üzərində işləməsini çətinləşdirəcək.
“Suriyanın problemlərini danışıqlar yolu ilə həll etmək lazımdır. İran, Türkiyə, Suriya və Rusiya isə bu məsələni dialoq yolu ilə həll etməlidir”, – deyə İran lideri əlavə edib.
Qeyd edək ki, Ərdoğan hazırda İranda səfərdədir.
Türkiyə Prezidenti bundan əvvəl bəyan edib ki, Ankara Suriyanın şimalında, Türkiyə ilə sərhədə yaxın kürd yarımhərbi birləşmələrinə qarşı növbəti hərbi əməliyyat keçirmək niyyətindədir.
Xuraman Etibarlı,
KONKRET.az
