“Xoşqədəmin verilişinə baxandan sonra zırın-zırın ağlayardın” – MƏKTUB backend

“Xoşqədəmin verilişinə baxandan sonra zırın-zırın ağlayardın” - MƏKTUB 

Əvvəla, salam! Salamdan sonra əgər zəhmət çəkib biz tərəfin əhvalı ilə tanış olmaq istəsən, biz sağ və salamatıq. Sizin də sağlam və gümrah olmağınızı  arzu edirik.

Əziz dostum, səndən çoxdan xəbər tuta bilmirəm. Sosial şəbəkələrdə aradım, səni tapa bilmədim. Telefon nömrən də itib. Məcbur qalıb məktub yazıram.

Haralardasan, nə işlə məşğulsan? Səndən çox narahatam. Bilirəm, buralarda baş verən hadisələrlə yaxından maraqlanmaq istəyirsən.

Eh, dostum, sən gedəli o qədər hadisələr olub ki, sadəcə hamısını sadalasam, uzun çıxar. Bir-ikisini deyim ki, biləsən nə gün çəkdiyimizi.

Narahat olub eləmə, hər şey sən qoyub getdiyin kimidir. Bir az qiymətlərdə bahalaşma hiss olunur. O da boş şeydir. Yola veririk. Yollarda da tıxaclar səngiyib eləməyib. Həmişə Biləcəri yoxuşundan narazılıq edirdin. Rahat ol, düzəlməyib. Sürücülər tıxacda o qədər mehriban olur ki, hamı biri-birinə can deyib-can eşidir. Boş vaxtlarını səmərəli keçirmək üçün nərd oynayan, domino çırpanları görəndə adamın ürəyi açılır. Beləcə yola verirlər.

Yəqin siz tərəflər soyuqdur. Nə qədər olsa, şimaldır axı. Heç yayın buralara da gəlmək fikri-zadı yoxdur. O gün bizdə bir az yer tərpəndi. Yetirmişli müəllim and-aman elədi ki, qorxub-eləməyin, boş şeydir. Hər zəlzələdən qorxmaq lazım deyil. Heç tükümüz də tərpənmədi. Bir az bizim Təhsil naziri əndişələndi. Emin müəllimi deyirəm. Sən demə, zəlzələ günü İsraildəymiş. Nə bilim, deyirlər, “Neftçi” də tənbəllik eləməyib, turnirin qalibi olub. Birdən elə bilərsən, qələbəni futbolçular qazanıb ha, yox, İsraildə basketbolçu qızlar qalib gəlib. Həngamə də bundan sonra qopub. Sevincindən aləmi qatıb bir-birinə. Elə bilib ki, Bakıdakı zəlzələ “Neftçi”nin qələbəsinə görə olub. Nə bilim vallah…

Əziz dostum, yəqin sən yaşayan məmləkətdə bizim telekanallar göstərmir. Yadımdadır, həmişə Xoşqədəmin verilişinə baxandan sonra zırın-zırın ağlayardın.

Arada özünü toppuş Elgizə bənzətmək istəyərdin, onun kimi gülərdin, telini, saçını onun kimi darayardın. Zaurlardan xoşun gəlməzdi, amma Tolikin vurğunu idin. Narahat olub-eləmə, hamısı öz ampluasındadır. Nanə xanımın da verilişinin sadiq izləyicisi olmağın yadıma düşəndə sənin zövqünə, ruhuna heyran qalıram.

Sənin poeziya duyumuna da qibtə edirdim. Həmişə Elza Seyidcahanın şeirlərindən sitatlar gətirirdin. Gözün aydın, Elza xanım Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib. Vallah, düz deyirəm. Deyirlər, mərasimdə Anar müəllim şəxsən çıxış edib və sevimli “şairi”mizi 21-ci əsrin qüdrətli “söz adamı” adlandırıb. Hələ üstəlik AYB-nin katibi Çingiz müəllim də Elza xanımın ünvanına xoş sözlər söyləyib və onu tapıntı adlandırıb.

Yəqin siyasətdən-zaddan uzaqsan. Düz edirsən. Bir vaxtlar sən də deputat olmaq eşqinə düşmüşdün. Niyəsini bilmirəm, amma parlamentdə oturmaq qismətində deyilmiş. Canın sağ olsun.

Əziz dostum, məktubumu alan kimi cavab yaz. Sən Allah, özünü qoru, uşaqlara yaxşı bax.

Hörmətlə dostun,

Vəli Həsənov

KONKRET.az

  • Zəki
    İyul 5, 2023 - 23:41

    Hörmətli Vəli Həsənov deyəsən sənin dostunda mənim dostum kimi,Rəqsanə demişkən bibəfa çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*