2023-cü ilin birinci yarısının nəticələrinə görə, Aİ ölkələri, həmçinin İslandiya, Lixtenşteyn, Norveç və İsveçrənin (Aİ+) səlahiyyətli orqanlarına sığınacaq üçün müraciətlərin sayı 519 minə çatıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28% çoxdur və 2016-cı ildən bəri ən yüksək göstəricidir.
Hesabat müəllifləri qeyd edib ki, müraciətlərin əksəriyyəti ilin ikinci yarısına düşür. Əgər tendensiya təsdiqlənərsə, bu il Aİ ölkələrinə sığınacaq üçün 1 milyondan çox müraciət daxil olacaq.
Məlumata görə, ən çox müraciət Suriya və Əfqanıstan vətəndaşlarından (66,6 min və 55 min) olub. Siyahıda sonrakı yerləri Venesuela, Kolumbiya və Türkiyə tutur.
Eyni zamanda, Suriyadan qaçqın axını 2015-2016-cı illər böhranından bəri ən yüksək həddə çatıb. Türkiyədən isə 2022-ci ildə müraciətlərin sayı rekord həddə çatır. Ev sahibi ölkələrə gəlincə, ümumi müraciətlərin 30%-i Almaniyanın payına düşür. Belə ki, bu, qaçqınlar üçün növbəti populyar ölkələr – İspaniya (17%) və Fransa (16%) ilə müqayisədə təxminən iki dəfə çoxdur.
İqbal Rzayev,
KONKRET.az
