“Yataq odasında fəlsəfə”, sərhədsiz ehtiras və şəhvət düşkünü filosofbackend

“Yataq odasında fəlsəfə”, sərhədsiz ehtiras və şəhvət düşkünü filosof

“Bəli mən əxlaqsızam, lakin cinayətkar və qatil deyiləm. İnsanlara verilən mükəmməl, sərhədsiz ehtiras duyğusunu tərənnüm edir, şəhvət düşkünlərini müdafiə edirəm. Əgər şəhvət əxlaqsızlıqdırsa, o zaman mən ən böyük əxlaqsızam”.

Markiz De Sad qədər cəsarətli filosof – yazar tapmaq çətindir, desəm, yəqin ki, etiraz etməzsiniz. Yuxarıda yazdığım fikirlər əlbəttə, ona məxsusdur. Bütün dövrlərin ən çox təqib və təhqir olunan, müxtəlif siyasi rejimlərin həbsdə saxladığı yazıçı monarxiyaya qarşı ciddi mənada mübarizə aparan ilk inqilabçı demokratlardan biri idi. Əsərlərində Tanrıya qarşı üsyan edən De Sad bəşəriyyətin bütün bəlalarına görə onu günahkar hesab edir. Yazdığı bütün kitablarda azad hissləri, sərhədsiz ehtirası təbliğ edən yazıçı bununla insan duyğularının qanun və Tanrı qorxusu ilə məhdudlaşdırılmasını qəbul etmir.

“Yataq otağında fəlsəfə”ni oxuyan əksər insanlar bunun pornoqrafik əsər olduğunu düşünürlər. Lakin mən qətiyyən belə düşünmürəm. Bəlkə də Markis de Sad seksual manyak olub. Amma etiraf etmək lazımdır ki, o, həm də dünya ədəbiyyatı və inqilabları tarixində özünü təsdiq etmiş ən cəsarətli mütəfəkkirdir. O, əxlaq və əxlaqsızlıq arasındakı sərhədi axtarmır, onun üçün belə bir bölgü yoxdur. Sadəcə insan hisslərinin azad olmasını istəyir. Adını çəkdiyim əsər inqilabi, siyasi, fəlsəfi və psixoloji mesajlarla zəngindir.

Ləyaqətli olduğunu düşünərək şəhvətdən həzz ala bilməyənləri axmaq adlandıran De Sad “Yataq otağında fəlsəfə” əsərinin girişində yazır:

“Şəhvətpərəst qadınlar, qoy, ehtiras alovu ilə alışıb-yanan Sent-Anj sizin üçün ibrətamiz davranış nümunəsi olsun… Nəfislərini ləyaqətin cəfəng mənasızlığı və dinin mənfur qaydaları ilə qoruyan gənc qızlar, odlu-alovlu Enejiyə bənzəməyə çalışın… Gənc kişilərsə ədəbsizliyi şəhvət düşkünü olan Dolmansedən öyrənsinlər”.

Markis De Sad Fransanın fərqli siyasi rejimlərinin dövründə zindan məhbusu olub. Onun üçün ortaq mövqe saxtakarlıqdır. Bu səbəbə görə də ikili oyunlar oynamağı bacarmayıb. Siyasi rejimlərin axmaq fəaliyyətini kəskin tənqid edib, katolikləri ləyaqətsiz, mənfur adamlar adlandırıb. “Yataq otağında fəlsəfə” kitabında dahi filosof dini qaydalara, insanların həyatına hakim kəsilmiş köhnə ənənələrə etirazını ifadə edir. Hesab edir ki, din hakimiyyətin dayağıdır və insanları susdurmaq, cəhalətə sürükləmək üçün ən ideal vasitədir. “Fransızlar, əgər respublikaçı olmaq istəyirsinizsə, bir daha cəhd etməlisiniz”. Bu sözlərdən sonra sadə fransızların inqilab həvəsi daha da artmışdı. De Sad öz xalqına müraciətində yazır:

“Əgər fransız bədbəxtlikdən, özünü xristianlıq adlanan məzarlığın içinə gömmək qərarına gəlsə, respublikaçı ruhunun iti və kəskin tiyəsi kütləşəcək. Sərsəm və cəfəng dinin banallığı yenidən tüğyan edəcək, keşişlər əldə etdiyi var-dövlət sayəsində monarxiyanı yenidən bərpa edəcəklər”.

De Sad əmin idi ki, dində heç bir gözəllik, möhtəşəmlik, bəşəri məqsədlər, ali duyğular yoxdur. Din cəfəngiyyatdır, təbiət özü hər şeyə hakimdir. İnsanlar despotizmdən daha çox fəlsəfədən qorxurlar. Qanunlar azadlığından istifadə edənləri cəzalandırır. Mənə elə gəlir ki, “Yataq otağında fəlsəfə” hər yetkin oxucunun oxumalı olduğu əsərdi. Bu əsərə görə dostumla aramızda mübahisə yaranmışdı. O düşünürdü ki, Markis De Sad yalnız pornoqrafiya yazarıdır. Qətiyyən razı deyiləm. Oxucu kitabdan özünə lazım olan informasiyaları qəbul edir. Bir də onu deyim ki, “Yataq odasında fəlsəfə”ni əllərinizlə yox, beyninizlə oxuyun. O zaman mənimlə razılaşarsınız.

Nicat Həşimzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*