Yunanıstan və Suriya məsələsindən sonra Türkiyə NATO-da qalacaqmı? – ANALİZbackend

Yunanıstan və Suriya məsələsindən sonra Türkiyə NATO-da qalacaqmı? - ANALİZ

İstanbulda törədilən terror aktına cavab olaraq Ankara İraq və Suriyanın şimalında kürd silahlı birləşmələrinə qarşı “Pəncə-qılınc” adlı hərbi əməliyyata başlayıb. 1984-cü ildən bəri 38 ildir ki, türk-kürd qarşıdurması davam edir. Türkiyə hökuməti 1984-cü ildən bu günə qədər ölkə daxilində kürd muxtariyyətinin yaradılması uğrunda mübarizə aparan Kürdüstan Fəhlə Partiyasının silahlı birləşmələrinə qarşı müvafiq addımlar atır.

Rus beyin mərkəzləri isə Türk-Kürd qarşıdurmasına fəqrli don geyindirməyə çalışır və hadisələri tamam başqa səpkidə analiz edir. Təbii ki, burada Rusiyanın öz maraqlarını daha çox nəzərə alması və bu yöndən çıxış etməsi açıq-aşkar hiss olunur. Belə ki, rusiyalı analitiklər İstanbuldakı terror aktını, Yunanıstan və PKK-nın Ankaraya qarşı münasibətini fərqli şəkildə analiz edirlər. Məsələn, Rus beyin mərkəzinin analizinə görə, bu münaqişəyə səbəb 1920-ci illərdən türk kürdlərinin təqiblərə məruz qalmasıdır. Yəni kürd dilindən istifadə qadağan edilib, kürd milliyyətinin özü də Türkiyə tərəfindən tanınmır (Ankara hakimiyyəti kürdləri “dağ türkləri” adlandırır).

1980-ci ildən sonra PKK rəhbərliyi Suriya və Livanda hərbi təlim düşərgələrinin təşkilinə diqqət yetirərək Türkiyəni tərk etdi. 1984-cü ildə PKK liderləri silahlı mübarizənin başladığını elan edərək Türkiyə Kürdüstanına qayıtdılar. Türkiyədəki, eləcə də Avropa İttifaqındakı çətin iqtisadi vəziyyət fonunda Ərdoğanın terrorla mübarizə apararaq millətin diqqətini yayındırmağa çalışması və siyasi reytinqini gücləndirməsi gözlənilən idi. İlkin olaraq əməliyyata 50-dən çox təyyarə və 20 pilotsuz uçuş aparatı cəlb edilib. Lakin bir qədər sonra Ərdoğan, “bunun yalnız hava əməliyyatı ilə məhdudlaşdırılması mümkün deyil” bəyanatı ilə çıxış etdi. Görünür, Ankara tam miqyaslı hərbi əməliyyatlara başlamaq niyyətindədir.

Suriyaya gəlincə, İŞİD-ə qarşı mübarizənin əslində Rusiyanın çiyninə düşdüyünü hər kəs yaxşı xatırlayır. Hətta Rusiya ordusunun, silahlarının və “Vaqner”in dəstəyi danılmazdır. Odur ki, Rusiya Bəşər Əsədin başçılıq etdiyi Suriyanın özündən müəyyən dəstək alaraq bölgəni terror ocağına çevrilmək təhlükəsindən xilas etdi. Beləliklə, bu qədim bölgədə – bəşər sivilizasiyasının beşiyində “nisbi” sabitlik əldə olundu. Belə çıxır ki, bu işdə əsas xərcləri Suriya və Rusiya öz üzərinə götürüb. Faydalananlar isə Əsəddən başqa həm də Türkiyə və İran olub. Yeri gəlmişkən, Suriya məsələsindən sonra Rusiya və İranın münasibətləri xeyli yaxşılaşdı. Hazırda Ukraynadakı xüsusi hərbi əməliyyatlarda Tehran Moskvaya dəstək verir.

Amma Ərdoğan özünün müstəsna tərzi ilə “çoxvektorlu” siyasətini davam etdirir və NATO qarşısında götürdüyü öhdəliklər çərçivəsində Kiyevə aktiv şəkildə silah yardımı göstərir. Eyni zamanda çox şübhəli məsələlərdə (qoşunların Kiyev yaxınlığından çıxarılması, taxıl müqaviləsi və s.) diplomat kimi çıxış edir. Amma kürdlərin təşkil etdiyi terror aktından sonra Ərdoğan dərhal Suriya məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə Kremli qınadı: “2019-cu ildə Soçidə Rusiya tərəfi ilə razılaşmamız olub. Onlar regionun terrorçulardan təmizlənməsinə cavabdehdirlər. Təəssüf ki, biz bunu onlara dəfələrlə xatırlatsaq da, nəticə yoxdur”, – Ərdoğan bildirib.

2019-cu ilin oktyabrında Rusiya və Türkiyə kürd dəstələrinin və onların silahlarının Suriya-Türkiyə sərhədinin 30 kilometrliyindən çıxarılmasına dair 10 bəndlik anlaşma memorandumu imzalayıb. Bu arada Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun bildirib: “Qərb müttəfiqlərimiz verdikləri dəstək haqqında diqqətlə düşünməlidirlər. Onlar birbaşa və ya dolayı yolla ölkəmizdə sabitliyi pozmağa çalışırlar. Onların dəstəyi isə günahsız türklərin ölümünə səbəb olur”.

Türkiyə 1952-ci ildən, yəni  70 ildir NATO-nun üzvüdür. Baxmayaraq ki, Yunanıstan və Kiprlə bağlı ərazi məsələləri hələ də mübahisəli olaraq qalır. Yunanıstan 1821-ci ildə müstəqillik qazandıqdan sonra  onun Türkiyəyə qarşı müqaviməti daha da güclənib. Kipr isə 1950-ci illərdən sonra Yunan-Türkiyə münasibətlərinin əsas qıcıqlandırıcı ərazisinə çevrilib. O vaxta qədər ada Böyük Britaniyanın protektoratı altında olub. Adanın yunan əhalisi ümumi əhalinin 82%-ni təşkil edib. Həm də kiprli yunanların əksəriyyəti Yunanıstanla birləşmək istəyib. Lakin Türkiyə 1974-cü il iyulun 20-də Kipri ​​öz nəzarəti altına aldı və adanın ümumi ərazisinin 37%-nə yiyələndi. Bu arada Egey dənizinin demək olar ki, bütün adalarını mübahisəli adlandırmaq olar.

Hazırladı: Müşviq Tofiqoğlu.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*