Yuri Lyamin: 44 günlük müharibədə ermənilər torpaqları, Rusiya nüfuzunu itirdi – SENSASİON MÜSAHİBƏbackend

Yuri Lyamin: 44 günlük müharibədə ermənilər torpaqları, Rusiya nüfuzunu itirdi – SENSASİON MÜSAHİBƏ

Azərbaycan qalib olaraq tədricən Dağlıq Qarabağa və ətraf ərazilərə qayıdır.

KONKRET.az xəbər verir ki, hərbi ekspert Yuri Lyamin ikinci Qarabağ müharibəsi dərsləri və bölgənin gələcəyi barədə fikirlərini “Moskovskiy komsomolets”lə bölüşüb.

Yuri Lyamin deyir: “Təəssüf ki, Qafqazda müharibə ehtimalı hələ də qalmaqdadır. Ermənistan indi toz kisəsinə bənzəyir: asanlıqla partlayışa çevrilə bilən daxili sabitlik pozulub. Və rəhbərlikdən çox yalanlar eşidən erməni əhalisinin indiki qəzəbini başa düşürəm. Minlərlə insan müharibənin ağuşuna atıldı. Bunlar kiminsə uşaqları, kiminsə qardaşı, kiminsə ataları idi. Bu adamların Dağlıq Qarabağda yaxın illərdə sabitlik gözləmədikləri qətidir.

– Bu fikrin təsdiqi üçün deyim ki, bu günlərdə sülhməramlımızın da zərər çəkdiyi bir qrup hərbçi minaya düşdü…

– Təəssüf ki, bu cür hadisələr qaçılmazdır. Ancaq bu, bir təxribat və ya terror aktına bənzəmir. Axı bütün tərəflərin nümayəndələri orada əziyyət çəkdilər: Qırmızı Xaç əməkdaşları, Dağlıq Qarabağın xilaskarları, bir rus sülhməramlısı… Bir azərbaycanlı zabit isə öldü. Bəzi məlumatlara görə, mövqeli toqquşmalar olub, çox sayda mina və əl bombası qalıb. Bütün bunlar müharibə həqiqətləridir.

– Ermənistanda məğlubiyyətdən sonra millətçi hisslər gücləndi. Sizcə, Qarabağda bəzi təxribatlar, partizan hərəkatı mümkündürmü?

– Məncə, yox. Azərbaycanın nəzarətinə keçəcək ərazilərdə partizan hərəkatı üçün bu qədər erməni əhalisi qalmayacaq. Üstəlik, sülhməramlılarımıza hücum etmək, sadəcə, orada Azərbaycanın nəzarəti altında qalan erməni əhalisini ifşa etmək deməkdir. Əlbəttə ki, hadisələrin belə inkişaf etməsini tamamilə istisna edə bilmərəm. Ancaq belə bir şey olacağını düşünmürəm və buna ümid edirəm.

– İkinci Qarabağ müharibəsində Azərbaycan necə qalib gəldi?

– Bakı dörddəbir əsr əvvəl aldığı məğlubiyyətin qisasını aldı. Bu, ən vacib nəticədir. Burada xatırlamaq lazımdır ki, o zaman Azərbaycan ağır bir məğlubiyyətə uğradı və yalnız Dağlıq Qarabağ muxtar bölgəsi üzərində deyil, həm də azərbaycanlıların yaşadığı ətraf yeddi bölgə üzərində nəzarəti itirdi. Bir milyondan çox qaçqın evlərindən didərgin düşdü.

Ermənistanla Azərbaycan arasındakı bütün sonrakı münasibətlər həmin müharibənin nəticələri prizmasından qurulmuşdu. Azərbaycan sözün əsl mənasında intiqam yanğısı ilə, Ermənistan isə mövcud kövrək vəziyyəti saxlamaq istəyi ilə yaşayırdı. Bakı xüsusən son 15 ildə böyük bir hərbi quruculuğa başladı. Bu, bir növ postsovet dövründə Azərbaycan dövlətçiliyinin əsasını təşkil edən milli layihə idi.

– Yeri gəlmişkən, dezinformasiya həm də hazırkı Qarabağ müharibəsinin silahlarından birinə çevrildi …

– Hər hansı bir müharibədə dezinformasiya və təbliğat hər iki tərəfin silahı olur. Bunlar o “informasiya müharibəsinin” elementləridir. Məsələn, erməni tərəfdən təbliğat çox zəif qurulmuşdu. Nəticədə yanlış təbliğat öz əhalisinə qarşı işlədi.

– Və hətta erməni hərbçilərinə qarşı…

– Tam doğru. Bu, xüsusilə sıravi komandiri və kiçik heyəti təsirləndirdi. Bütün vəziyyəti açıq şəkildə başa düşmədilər. Və bu, döyüşlərə təsir etdi. Rəsmi kanallardan hər şeyin o qədər də pis olmadığını, əksər hallarda yaxşı olduğunu bildirən xəbərlər gəldi: müharibə edirik, ordularla mübarizə aparırıq, düşməni mühasirəyə alaraq məğlub edirik və s. Əslində bu cür yanlış məlumatlar üzündən orta və kiçik komandirlər çox vaxt cəbhədəki həqiqi mənzərəni başa düşmürdü. Və bu, səhv qərarlar verməyə səbəb olurdu. Bu səbəbdən böyük itkilər qaçılmaz oldu.

– Bəs Azərbaycan? Dezinformasiya və təbliğatda fərqli idimi?

– Azərbaycan bu mövzuda çox diqqətli idi. Məsələn, bir faktı deyim. Bakı ələ keçirdiyi yaşayış məntəqələrinin siyahısını tez-tez deyil, ardıcıllıqla və qəti əminlikdən sonra deyirdi. Bu, alınmış yaşayış məntəqəsinə nəzarətin itirilməsi halında əhalini qıcıqlandırmamaq üçün edilirdi. Azərbaycan Ordusundakı itkilər barədə məlumatlar, ümumiyyətlə, münaqişə bitənə qədər Bakı tərəfindən təsnif edildi. Yəni vəziyyət Ermənistandan tam fərqli idi.

– Dezinformasiyanın Ermənistan üçün nə dərəcədə təhlükəli olduğuna dair bir nümunə göstərə bilərsinizmi?

– Şuşa! Son ana qədər erməni tərəfi Şuşanın süqutundan açıq danışmadı. Bu, Dağlıq Qarabağda strateji baxımdan əhəmiyyətli bir şəhərdir. Ermənilər sona qədər məğlubiyyətlərini etiraf etmədi. Eyni zamanda, döyüş əməliyyatları bitdikdən sonra Ermənistan rəhbərliyi 5 noyabrda nəzarətin qismən itirildiyini və 7-də şəhərin tamamilə Azərbaycan qüvvələrinin əlinə keçdiyini etiraf etdi. Ancaq əvvəllər bundan bəhs edilmirdi.

– Sizcə, düzgün danışmaq lazım idi? Bu, ruh düşkünlüyü yaratmayacaqdı ki?

– Yalanın olmaması vəziyyəti ayıq qiymətləndirməyə kömək edərdi və vaxtında əks-hücumlar təşkil etmək imkanı verərdi. Gec edilən hər şey təsirsiz effekt yaratdı. Ancaq bundan çox qəribə və anlaşılmaz şeylər baş verdi.

– Nəyi deyirsiniz?

– Bu, Ermənistanın hərbi rəhbərliyinə aiddir. Cəbhənin İrana daha yaxın olan cənub hissəsi. Oradakı düzənlik, relyef düşmənə hücum təşkil etmək üçün ideal ərazi idi. Müharibədən əvvəl də bir çox mütəxəssis haqlı olaraq buranı zərbə endirmək üçün ideal ərazi hesab edirdi. Bəli, bu, hər kəsə, hətta mütəxəssislərə də bəlli idi! Ancaq Ermənistan komandanlığı bunu düzgün dəyərləndirmədi…

Sonda nə oldu? Azərbaycan qoşunları cənubda qüvvə topladı və sarsıdıcı bir zərbə vurdu. Bundan əlavə, hücum sərhəd boyunca davam etdi. Sual yaranır: müharibədən əvvəl nə üçün əlavə istehkamlar yaradılmamışdı? Məsələn, Dağlıq Qarabağ harada dağlıq əraziyə çevrilməyə başlayır? Bunların heç biri edilmədi. Sonra hər şey dağdan bir parça kimi yuvarlandı.

– Sonra nə oldu?

– Azərbaycan əks-hücumlarını daha da gücləndirdi. Cənubda daha bir cinah hücumu təşkil etdi. Cənubdan Şuşaya getdilər. Azərbaycan piyadaları az müqavimətlə qarşılaşaraq dağların arasından keçdilər. Görünən odur ki, Ermənistan hərbi rəhbərliyi bu cinahdakı irəliləyişi, Şuşaya bu yanaşmanı hiss etməmişdi. Azərbaycan piyada qoşunları bu şəhərin yaxınlığındakı kəndlərə girənə qədər.

– Onda belə bir sual yaranır: səriştəsizlik, yoxsa xəyanət?

– Mən bilmirəm. Sui-qəsd nəzəriyyələrini sevmirəm, amma nə baş verdiyini izah etmək mənim üçün çox çətindir. Xəyanətə bənzər ciddi səhvlər var idi. Pərdə arxasında oyunlar olub, yoxsa yox. Nə deyəcəyimi bilmirəm, amma çox qəribə şeylər olub.

İndi qələbədən sonra Qarabağda Azərbaycan çox diqqətli, bəzən hətta möhtəşəm davranır. Baxmayaraq ki, düşmənçilik qalır… Bu, tamaşaçılar üçün bir oyundurmu?

–  Azərbaycanda xarici siyasətə xüsusi diqqət yetirilir. Bakı yerli erməni əhalisinin Qarabağda qala biləcəyini təmin edir. Amma ermənilər buna tam əmin deyillər. Səbəbləri aydındır – intiqamdan, repressiyalardan qorxurlar. Bir çoxu qaçır, evləri yandırır, ağacları kəsir… Belə bir reaksiyanı köhnə münaqişə üçün olduqca təbii hesab etmək olar. Ancaq Birinci Qarabağ müharibəsi zamanı və sonra baş verən qırğın artıq olmayacaq. Çünki rusiyalı sülhməramlılar artıq oradadır.

İnanıram ki, Əliyevin rəhbərlik etdiyi Azərbaycan hakimiyyəti onsuz da çox qan tökülməsini istəmir. Mülki əhaliyə qarşı vəhşiliklər onlar üçün qəbuledilməzdir. Bu, ölkənin imicinə çox zərbə vura bilər.

– Türkiyənin rolu barədə nə deyə bilərsiniz?

– Əlbəttə, onun rolu böyükdür. Ankara Azərbaycana dəstək verdi. Birincisi, silahdır. Pilotsuz təyyarələr döyüşlərdə çox böyük rol oynadı. Buraya kəşfiyyat, hədəf təyini və birbaşa zərbələr daxildir. Türkiyənin F-16 təyyarələrinin Azərbaycanda olması faktı. Döyüşlərdə iştirak etmədilər, ancaq varlıqları güc tarazlığına çox güclü şəkildə təsir etdi. Bu, onsuz da kifayət idi. İkincisi, Türkiyənin xarici siyasət arenasındakı böyük dəstəyidir. Əlbəttə ki, türk ordusunun hazırladığı hərbi mütəxəssislərin də qələbədə payı böyükdür.

Düşünürəm ki, türklər hərbi məsləhətçi şəklində kömək etdilər. Üstəlik, türk peyklərindən kəşfiyyat məlumatları verdilər. Bu, mənim təxminimdir.

– Sizcə, Rusiya Qafqazda hərbi-siyasi soliterində üstünlük qazandı, yoxsa itirdi?

– Daha doğrusu, məğlub oldu. Axı bölgədəki türk hərbi varlığı birləşdirildi. Türk hərbçilərin Azərbaycanda olması Moskva üçün yaxşı bir hekayə deyil. Bütün tövsiyələrə baxmayaraq, Türkiyə Prezidenti Ərdoğan hələ də qoşunlarını gətirir. Və bir fakt bunun uzunmüddətli olduğunu söyləyir. Bəli, türk hərbçilər əvvəllər orada ortaq illik təlimlər keçirmişdilər, amma indi hərbi varlıqları qanuni olaraq rəsmiləşdirdilər.

Eyni zamanda, Azərbaycanın həqiqətən Ankaranın peykinə çevrildiyi fikri ilə razı deyiləm. Bir hiss mənə deyir ki, Azərbaycan prezidenti İlham Əliyev Türkiyə-Rusiya-İran üçbucağındakı ziddiyyətlər üzərində oynamağa davam edəcək. Ancaq son nəticə türk hərbi varlığını əhəmiyyətli dərəcədə artıracaq. Və bu, Rusiya üçün xoşagəlməz bir reallıqdır.

Bu arada bir mənfi nəticəni də qeyd edərdim. Türkiyənin düşünülmüş bir xarici siyasəti var: hər şey edir və hər şeydən canını qurtarır. Suriyada şimalda yerləşdilər, Liviyada kömək etdilər. İndi də Azərbaycan. Qorxuram ki, türklər eyni ruhda davam edələr. Bu da Rusiya üçün çox üzücü olacaq.

– Nəticədə Qafqaz bizim üçün itirilir?

– Bunu deməzdim. Təsir uğrunda mübarizəmizə davam edirik. Bəli, vəziyyət bizim üçün daha da mürəkkəbləşdi: Türkiyənin Azərbaycanda olması, Ermənistandakı qeyri-sabit vəziyyət, İran hələ öz sözünü deməyib… Ancaq biz oyundayıq. Gəlin görək növbəti beş ildə nə olacaq. Hər şeyi bu müddət müəyyənləşdirəcək.

“Moskovskiy komsomolets”, 24 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*