Bu ilin ilk 3 ayı ərzində 383 Azərbaycan vətəndaşı əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikaha girib.
KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirib.
Məlumata görə, bu aylar ərzində Azərbaycan vətəndaşı olan 183 qadının və 200 kişinin əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib:
“Cari ilin ilk 3 ayı ərzində Azərbaycan Respublikasının qeydiyyat orqanları (qeydiyyat şöbələri, icra hakimiyyətlərinin nümayəndəlikləri və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri) tərəfindən Azərbaycan vətəndaşı olan 183 qadının və 200 kişinin əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib. Əcnəbilər daha çox Türkiyə, Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşlarıdır”.
Bildirilib ki, xarici ölkələrin səlahiyyətli qurumları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumatlar müvafiq qaydada leqallaşdırılmış (apostil verilmiş) şəhadətnamələrin notariat qaydasında təsdiq edilmiş tərcüməsi əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə əlavə edilir. Bu barədə sənədlər vətəndaşlıq vəziyyəti akt qeydlərinin rəsmiləşdirildiyi ölkənin müvafiq qurumları tərəfindən göndərilə, yaxud vətəndaşların özləri tərəfindən təqdim edilə bilər.
Qeyd edək ki, 2026-cı ilin ilk 3 ayı ərzində cari il və əvvəlki illər ərzində xarici ölkələrdə qeydə alınmış 974 nikah Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil edilib.
