“Qarabağ”da skandal: Elvinin cəzalandırılmasının şok şəbəbi üzə çıxdı – DETALLARbackend

“Qarabağ”da skandal: Elvinin cəzalandırılmasının şok şəbəbi üzə çıxdı – DETALLAR

Azərbaycan futbolunda son günlər ara qarışıb, məzhəb itib. Bu, məzhəb o məzhəbdən – dini məzhəbdən deyil. Çünki son günlər futbolumuzda bu məsələlər tez-tez gündəmə gətirirlir və kimlərsə məzhəb məsələsi ilə futbol ictimaiyyətini və cəmiyyəti çaşdırmaq istəyir. Bizim sözümüzün canı başqadır…

Çempionluq mübarizəsi, “Qarabağ”la “Sabah” arasında maraqlı rəqabət, bunun fonunda dolan stadionlar, kubokda finalçıların müəyyənləşməsi, avrokuboklar və Premyer Liqada qalmaq uğrunda gərgin mübarizə, hakimlərin səhv qərarları və nəhayət Elvin Cəfərquliyev… Azərbaycan futbolunun gündəmi son illərdə olmadığı qədər qaynardır.

KONKRET.az bildirir ki, Publika.az-ın məlumatına görə, bu prosesin ötən həftəyə qədər görünməyən, lakin indi görünən tərəfi də var. Bir neçə gün əvvəl məlum oldu ki, “Qarabağ” müdafiəçiləri – Elvin Cəfərquliyevi və Abbas Hüseynovu intizamsızlığa görə cəzalandıraraq əvəzedici komandaya göndərib.

671519919 122236541690092029 6533277785225105105

Abbasın cəzalandırılması elə də diqqət cəlb etmədi. Onun son illər varlığı ilə yoxluğu bilinmirdi. Vaxtilə futbolumuzun perspektivli cinah müdafiəçilərindən sayılan və Qurban Qurbanovun gənc yaşında transfer etdiyi Hüseynov bacarağından və kefiyyətlərindən demək olar ki, çox az istifadə etdi. Buna görə də Abbasın cəzalandırılması Elvin qədər ajiotaj yaratmadı.

Cəfərquliyev isə Azərbaycan futbol tarixinin ən istedadlı futbolçularından biridir. Onun Çempionlar Liqasında tarixə düşən uğurları və performansı artıq ölkə hüdudlarından kənarda müzakirə olunur. Amm di gəl ki, Qurban Qurbanovun onunla bağlı problemləri uzun illərdir bitrmir.

Bəlkə də Elvinlə bağlı yeganə problem onun xarakteridir. O, əvvəlcə meydandakı dəlisovluğu və intizamsızlığı ilə gündəmə gəlirdi. Vacib oyunlarda qırmızı vərəqələr alır, hakimlərlə yerli-yersiz dialoqlara girir, bəzi məqamlarda məsuliyyətsiz qərarlar verirdi. Bu da nəticə və meydandakı mübarizə baxımından komandaya ciddi təsir edirdi. Lakin onun meydandakı kefiyyətləri, məşqlərdə üzərində çalışması və inkişafı Qurbanovun nisbətən yüngül cəzalara əl atması ilə nəticələnirdi. Zamanla o, bu problem aradan qaldırmağı bacardı və daha intizamlı oynamağa başladı.

Vaxt keçdikcə Elvin populyarlaşdı, mükafatlar qazandı, azarkeşlərin sevimlisinə çevrildi. Fanatlar və media ilə münasibətlərində heç vaxt səhvə yol verməyən, qarşısındakı şəxslərə hörmət göstərən müdafiəçi bu dəfə əyləncələrə meyilli olması ilə gündəmə gəldi. Bütün bunlar onun inkişafını hamıdan çox istəyən baş məşqçisinin də diqqətində idi. Qurban Qurbanov Elvinlə dəfələrlə fərdi söhbətlər edərək ona peşəkar futbolçunun əleyhinə olan, inkişafına və nüfuzuna problem yaradacaq əyləncələrdən uzaq durmağı tövsiyə edib.

Lakin bütün söhbətlərə rəğmən, 25 yaşlı futbolçu şəxsi həyatına elə də diqqət yetirməyib. O, əyləncəli tədbirlərə qatılıb, istirahətdə olduğu vaxt rejimə, sağlamlığına diqqət yetirməyib. Zaman keçdikcə daha çox əyləncəyə meyl edib. Elvin Cəfərquliyevin Abbas Hüseynovla birlikdə “Qarabağ” tərəfindən cəzalandırılmasın da səbəbi məhz bu tipli əyləncə olub.

Hər iki futbolçu iş adımı Şərurlu İsfəndiyara məxsus, Bakının ən məşhur restoran-otel tipli məkanlarından birində eyş-işrət məclisdə iştirak edikləri aşkara çıxıb. Məlumata görə, futbolçuların əyləncə məkanından çəkilmiş fotoları da var. Qurban Qurbanov isə onların bu əməlini bağışlamayıb. Komandanın “Sabah”la matç öncəsi futbolçuların nizam-intizam qaydalarını pozaraq belə bir məclisdə iştirakları “Qarabağ” rəhbərliyini və təcrübəli məşqçini özündən çıxarıb.

Qurban Qurbanov “Sabah” ilə oyundan sonra Elvinlə bağlı danışıb. Nə qədər incik olsa da, futbolçusunun ünvanına mənfi fikir səsləndirməyib:

“İstənilən futbolçunun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını düşünməyim, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunun belə, gələcəyini düşünmüşəm, söhbətləşmişəm. Səbəb olaraq bunu ortaya atmıram. İnsanların müəyyən yaş vaxtı olur, onda futbolçu daha möhkəm, xarakterli olmalıdır. Elvin ÇL-də turun oyunçusu oldu. Futbolçulara hər zaman deyirəm, bir oyun o demək deyil ki, missiyan tamamlandı. Bu, “Qarabağ” klubudur. 1-2 oyun udursan, bir xal sənə mane olur. O demək deyil ki, ÇL-də 3 oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanmağa gəldikdə, proses davam edir. Digər klublar məni düzgün başa düşsün, bəlkə hansısa klubda nəyəsə göz yummaq olar. Amma klubun adı “Qarabağ”dırsa, buna göz yuma bilmərik”.

Qurbanov “Elvin Cəfərquliyevi bağışlamaq olar” sualını belə cavablandırıb:

“Hələ ki bilmirəm. Bu günə kimi bağışlaya-bağışlaya gəlmişik. Özümüz də bu yolu keçmişik, özümüz də futbolçu kimi səhv etmişik, cərimələnmişik. Bundan nəticə çıxarmışıq. Oyunçular ayrı-ayrılıqda bu cür rəqiblərə qarşı, bu cür yükün altına girməyi düşünmürlər ki, bizi qarşıda hansı vacib oyunlar gözləyir. Məğlubiyyətdən sonra sənin yaşam tərzin necədir? Çox detallar var. İlk hal deyil, bəzi oyunçuları cərimələmişik. Qarşıdakı gedişata baxacağıq. Çox futbolçunu bu günə qədər bağışlamışıq”.

639140949 1357507323072210 4300232300977606384 n

“Qarabağ”ın Elvin Cəfərquliyevi transferə çıxardığı barədə xəbərlər yayılır. Bizdə olan məlumata görə, klub bu məsələdə tələsmir. Elvinlə bağlı qərar verilməsə də, Abbas Hüseynovun Ağdam klubundan ayrılacağı dəqiqləşib. Onun mövsümün sonunda başa çatacaq müqaviləsi yenilənməyəcək.

Elvinlə bağlı məsələ isə maya qədər bağlanıb. Futbolçu əvəzedici heyətin baş məşqçisi, sabiq komanda yoldaşı Maksim Medvedevin ixtiyarındadır. O, komanda ilə məşqlərə çıxır, oyunlarda da iştirak edəcək. Mövsümün sonunda isə Cəfərquliyevin taleyinə tam aydınlıq gələcək.

Sonda xatırladaq ki, Abbas Hüseynov Qurban Qurbanovun qardaşı Musa Qurbanovun kürəkənidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*