““Qurani-Kərim”in 12-ci surəsi olan “Yusif” surəsində bir eşq hekayəsindən bəhs edilir. Fikirləşirsiniz ki, Züleyxa kimi təqdim edilən ərli qadın özünün kölə olaraq satın aldığı Yusifə yaraşıqlı olduğuna görə gözü düşür, meyil edir və sahib olmaq istəyir, onu zinaya dəvət edir. Təəssüflər olsun ki, bəhs olunan hadisələr, çıxarılan nəticələr, əldə ediləcək ibrətli dərslərin hadisələrin kölgəsində qaldığının şahidi oluruq. Ancaq bu, belə deyil”.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, bu sözləri ilahiyyatçı Elşad Miri deyib.
Onun sözlərinə görə, ədəbiyyatda da əksini tapan “Yusif və Züleyxa” dastanı “Quran”a uyğun deyil: “Yusif Peyğəmbərlə bağlı çəkilən serial o qədər məşhur idi ki, hətta ölkəmizdə həmin illərdə doğulan uşaqlara daha çox Yusif adı verilirdi. Bu bir neçə il də davam etdi. Azərbaycan dilində olan Quran tərcümələrində ərli qadının Yusifə meyil etməsindən, ona dəlicəsinə vurulmasından, aşiq olmasından, hətta onu əldə etmək üçün köynəyini arxadan cırılmasına səbəb olması haqqında bildirilən məqamların doğrusunu qeyd edirəm və bunu Quran ayələrinə uyğun çatdırıram. Ayələr təəssüf ki, hədislərə güzəştə gedib. Nəticədə, üzr istəyirəm, intim hadisə kimi təqdim ediblər. “Yusif” surəsində Yusifi satın alan adamın kim olduğu, xanımının kim olduğu, adları barədə haqda məlumat verilmir. Amma tərcümələrdə Yusif surəsinin 21-23-cü ayələrində o qədər dəqiq portretlər çəkiblər, məlumatlar veriblər ki, heyrətlənməmək mümkün deyil. Tövratdakı bu məlumatı həqiqət kimi qəbul edib bizə ötürüblər, daha doğrusu, aşılayıblar. Ona görə də müsəlmanlar buna inanıblar. Quran tərcüməçiləri qadını, ərini elə təfərrüatı ilə bildirirlər ki, adam məəttəl qalır. Ayədə qadının Yusifə tamah saldığı həmin o təsəvvürü verərək bunu edirlər. Həm ayə öz mesajından uzaq qalır, həm də surə başqa məcraya bürünür, Quranın məqsədi kənarda qalır. Açıqlamaları cinsəlliklə bağlı veriblər. Ayələrdə bu cür təcümələr vermək, cinsəlliklə əlaqələndirməyə oradakı sözlərmi rəvac verir?”
E.Miri qeyd edib ki, Quranda heç bir ayədə Yusifin yaraşıqlı olmasından bəhs edilmir: “Qadının əri haqqında yalan məlumatlar verilir. Əslində isə işarə də edilmir. Qadının evli olması barədə məlumat yoxdur. Tərcüməçilər bu məlumatı hardan çıxarır?! Buna səbəb orada qeyd edilən “Ra-və-də” feilə verilən mənalardır. Quranda bu feildən törənən 148 söz var. Bu sözün bir şeyi nəzakətlə istəmək, razı salmaq, arzulamaq və s. kimi mənaları var. Sözün bütün mənalarında istədiyini əldə etmək üçün qarşı tərəfi razı salmaq üçün hansısa zor gücünə istifadə etmək, məcbur etmək kimi mənaları yoxdur. Çünki burada könüllü şəkildə razı salmaqdan söhbət gedir. Zorakılıq, məcburiyyət olanda bu sözdən istifadə edilmir”.
