Elə gecələr var ki, təkcə bir ailənin deyil, neçə-neçə insanın taleyini dəyişir. Ucar rayonunun Türkəci kəndində 11 il əvvəl baş verən dəhşətli cinayət də həmin gecələrdən biri idi. O gecə gənc qadın Aytən Səlimovanın amansızlıqla qətlə yetirilməsi mətbuata, “Arvadının başını asfalta vura-vura öldürən ər tutuldu” başlığı ilə təqdim edildi. Rəsmi məlumata görə, əri Elman Abbasov polisə zəng edərək həyat yoldaşının özünü avtomobilin altına atdığını, sonra isə onun başını asfalta vurduğunu bildirmişdi.
Lakin istintaqın ortaya çıxardığı həqiqət bundan da dəhşətli idi.
Aytən əvvəlcə daşla amansızcasına döyülmüş, sonra isə öldüyünə əmin olmaq istəyən həyat yoldaşı tərəfindən boğazı dişlənərək vəhşicəsinə qətlə yetirilmişdi.
Həmin qadın iki ay əvvəl ana olmuşdu.
Qucağında südəmər körpəsi vardı. Bir gecənin içində iki həyat yarımçıq qaldı. Ana övladından, körpə isə ömrü boyu “ana” deyəcəyi insandan məhrum oldu. O dəhşətli hadisənin ən təsəlliverici hissəsi isə yetim qalan körpə
Nişanənəyə, həmin vaxt Ucar rayon polis idarəsinin rəis müavini vəzifəsində çalışan şərəfli bir insanın göstərdiyi humanist addım oldu. Belə ki, ata-anasından məhrum olan körpə qızın taleyi ilə bağlı qərar verilərkən, həmin polis nəfəri Nişanənin bibisinə verilməsi üçün əlindən gələni əsirgəmədi. Maddi çətinliklər içərisində qıvrılan bibinin tərəddüdlərinə qarşı çıxaraq, onlara hər zaman dəstək olacağına söz verdi. Rəis müavini işləyən polisin bir amalı vardı: “Nişanə uşaq evinə düşməsin, öz bibisinin yanında, qayğıkeş ailədə böyüsün”. Bunun üçün verdiyi sözü tutdu.
Artıq həmin hadisənin üzərindən illər keçib. Nişanə daha iki aylıq südəmər körpə deyil və böyüyüb. Həmin polis də artıq Ucar rayonunda rəis müavini işləmir. Maraqlıdır görəsən, vaxtilə əsl insanlıq və humanizm sərgiləyən polis nəfəri indiyədək Nişanə və onun yeni ailəsinə dəstək göstərir, onlarla maraqlanırmı?
KONKRET.az Nişanənin himayəsinə verildiyi bibisinin həyat yoldaşı (həm də Nişanənin atalığı sayılır – red) Teymur İsmayılovla əlaqə saxlayıb. Saytımıza açıqlamasında Teymur İsmayılov illər sonra həmin gecəni dəhşət içində xatırlayıb:
“Elman uzun müddət spirtli içki qəbul edir, ailə daxilində tez-tez münaqişələr yaradırdı. Hadisə baş verən gün də sərxoş idi.
Cinayətkar qısa müddət sonra polis tərəfindən saxlanıldı.
Amma heç kimin təsəvvür etmədiyi başqa bir hadisə də məhz həmin gün baş verdi. Biz iki aylıq körpəni necə böyüdəcəyimizi bilmirdik. Maddi imkan yox idi, gələcək isə qaranlıq görünürdü.
Məhz həmin anda Ucar Rayon Polis Şöbəsinin rəis müavini bizim həyatımıza ümid kimi daxil oldu”.
Teymur İsmayılovun sözlərinə görə, həmin gün verilən bir vəd təkcə iki aylıq Nişanənin deyil, bütün ailənin taleyini dəyişib:
“Polis əməkdaşının uzatdığı yardım əli ən ümidsiz anımızda bizə yaşamaq üçün güc verib. Bizə həm maddi həm də mənəvi dayaq oldu. Nişanənin və bizim həyatımızı dəyişdi. Bu gün də hər ay evimizə ərzaq göndərilir, bütün bayramlarda bizi unutmur.
Hər gün dualarımız həmin polis əməkdaşı üçündür. Allah onu qorusun. Əgər o gün həmin insan qarşımıza çıxmasaydı, bəlkə də Nişanənin taleyi tamam fərqli olacaqdı”, – deyə Teymur İsmayılov kövrələrək vurğulayıb.
Teymur İsmayılov əlavə edib ki, Ucar Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsindən çıxdıqdan sonra da, həmin şəxs onları yalnız buraxmayıb:
“O, yalnız cinayət işinin araşdırıcısı yox, həm də bir körpənin həyatına işıq salan insan oldu. Verdiyi sözü bir gün, bir ay yox, düz 11 ildir ki, səssiz-səmirsiz yerinə yetirir. Hər ay göndərilən ərzaq, hər bayram uzanan yardım əli, göstərilən diqqət bir ailəyə “tək deyilsiniz” mesajını verir. Bu gün Nişanə böyüyür. Bəlkə də o, anasının səsini heç vaxt xatırlamayacaq. Amma həyatının ən ağır günündə əlindən tutan insanların varlığını hiss edəcək. Azərbaycan polisi haqqında danışarkən çox vaxt əməliyyatlar, cinayətlərin açılması və asayişin qorunması kimi ifadələr yada düşür. Halbuki, bəzən bir polis əməkdaşının mərhəməti, verdiyi sözə sədaqəti və insan taleyinə sahib çıxması hər şeydən daha üstündür”, – deyə Teymur İsmayılov vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
